İnstitutda elmi konfrans: “Repressiya və folklor”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda 1937-ci il repressiyalarında həlak olmuş folklorşünas alimlərin xatirəsinə həsr edilən "Repressiya və folklor” mövzusunda elmi konfrans keçirilib.
Aztəhsil.com xəbər verir ki, Folklor İnstitutundan bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Muxtar İmanov konfransın mahiyyətindən və məqsədindən danışıb.
O deyib: "Konfrans təkcə bu sahədə əmək sərf etmiş ayrı-ayrı ustadları, onların gördüyü işləri və çəkdikləri əzabları xatırlamaq üçün təşkil olunmayıb. Bunlar məsələnin mənəvi tərəfidir. Məsələnin daha ciddi tarixlə, siyasətlə, elmlə bağlı tərəfləri də var. Sözügedən tarix bizə çox uzaq olmasa da, burada qaranlıq məqamlar çoxdur. O dövrün folklorşünasları folklor elmimizin təməlini qoyan görkəmli alimlər idilər. Hənəfi Zeynallı, Salman Mümtaz, Hümmət Əlizadə, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli və başqaları həmin alimlərin sıralarındadırlar. Təəssüf ki, H.Zeynallının nəzəri tədqiqatları sonrakı dövrdə davam etdirilmədi. Xeyli vaxt keçəndən sonra Məmmədhüseyn Təhmasib yetişdi. Ənənənin birdən-birə qırılması folklorşünaslığımıza ciddi mənfi təsirini göstərdi. Repressiya olunmuş insanların dustaqlıq həyatı ilə bağlı elə qaranlıq məqamlar var ki, bu gün tanınmış ziyalılar tərəfindən də yanlış şəkildə yozulur. O dövrdə siyasi proseslər necə cərəyan edib, necə davam edib, hansı şəkildə, hansı məqsədlərə xidmət edib, bunların hamısını dərindən öyrənməyə, araşdırmağa, yenidən dəyərləndirməyə ehtiyac var”.
Sonra Folklor İnstitutunun klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilovun "Repressiya illərində Bəhlul Behcətin folklorşünaslıq fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən Bəhlul Behcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir. O, XIX əsrin məşhur şairlərindən olan Əbülqasim Nəbatinin ədəbi irsinin toplanmasında və araşdırılmasında böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq "Nəbati” kitabını çap etdirib. B.Bəhcətin yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı geniş yer tutub. Onun fəaliyyətində müşahidə edilən canlanma ölkəmizdə kütləvi repressiyaların daha güclü bir dalğasının başlandığı dövrə təsadüf edir.
"Dədə Qorqud” eposu və müasir Azərbaycan ədəbiyyatı” problemi stalinizm repressiyaları kontekstində” mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova bildirib ki, "Dədə Qorqud” eposu bütün ruhu ilə sovet imperiyasının ideologiyasının əksinə olub. Əmin Abid 1926-cı ildən etibarən "Dədə Qorqud”a dair silsilə məqalələr yazaraq Azərbaycan milli ziyalılarında - tədqiqatçılarda, yazıçı və şairlərdə eposa marağın yaranmasında böyük rol oynayıb. Eposun Azərbaycanda ilk nəşri Həmid Araslı tərəfindən stalinizm repressiyasının qanlı ölüm maşınının var gücü ilə işlədiyi bir vaxtda - 1939-cu ildə həyata keçirilib. Daha sonra Məmmədhüseyn Təhmasib dastandan müəyyən hissələri 1941-1943-cü illərdə çap etdirib. Sonra "Dədə Qorqud" eposunun özünün, tədqiqatçılarının və ona müraciət etmiş yazıçı və şairlərin repressiyası başlanıb. Nəhayət, 1956-cı ildə stalinizm epoxasının başa çatması ilə eposun sürəkli nəşri və tədqiqinə imkan yaranıb.
Daha sonra Folklor İnstitutunun beynəlxalq əlaqələr bölməsinin müdiri Əli Şamilin "Folklorun repressiyaya uğramasının səbəbləri”, professor Cəlal Məmmədovun "Milli mənəvi dəyərlərin repressiyası” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.