AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Psixoloq / Valideyn / Müəllim / Saglam həyat
18 dekabr 2017
20 936


Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...



Uşaqlıq dövrü insanın gələcək həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiyalar bəzən ömürlük yaddaşda qalır. Odur ki, insan beyni daim inkişaf etdirilməli və həmişə daha yeni, mürəkkəb funksiyaların qavranılması üçün məşq etdirilməlidir. Uşaqların bütün hissiyyat bacarıqları (görmə, toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf mühit haqqında məlumat əldə etməyə imkan verir. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək.

 

Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:


1. Fiziki (bədən) inkişaf.

2. Əqli (intellektual) inkişaf.

3. Sosial (ünsiyyət) inkişaf. 


Uşaqlarda əqli geriliyin islah edilməsində onların fiziki inkişafına nail olmaq daha çox önəm kəsb etdiyindən bu məsələ üzərində bir qədər geniş dayanmaq istərdik. 


Məlum olduğu kimi, əqli geriliyi olan uşaqlar, həm körpə yaş dövrlərində, həm də məktəb yaş dövrlərində bir sıra mühüm fiziki inkişaf motorikası çatışmazlıqları ilə xarakterizə olunur. Onlar öz yaşıdlarından fərqli olaraq başlarının üstündə asılan oyuncaqlara dartınmağa və ya reaksiya verməyə, eyni zamanda iməkləməyə, oturmağa, durmağa gec başlayırlar. Hərəkət sferasında bu kimi ləng inkişaf isə uşaqda ətraf mühit ilə tanışlığı, ətraf mühitə alışmaq imkanlarına ciddi təsir edir. 


Məktəbəqədər əqli geriliyi olan uşaqlar bacarıqsızlığı, pis koordinasiya, həddindən artıq ləngimələri və ya əksinə olaraq impulsiv (yəni çılğın) olmaları ilə fərqlənirlər. Bu səbəbdən də onlar ən sadə həyati vacib özünəxidmət bacarıqlarını mənimsəməkdə çətinlik çəkirlər. Uşaq körpəlik dövründən çıxanda uzun müddət stəkandan, qaşıqdan və s. istifadədə çətinlik çəkir. Qaşığı, stəkanı ağzına aparmamış dağıdır. Məktəb yaşında olan bir çox əqli geriliyi olan uşaqlarla uzun və məqsədyönlü iş aparılmadıqda uşaq sərbəst geyinib-soyuna, paltarını düzgün qatlaya bilmir. Hərəkətlərinin yöndəmsiz olması onların yerişində, qaçışında, tullanmasında və s. praktiki həyat fəaliyyətində üzə çıxır. Hətta bəzi hallarda əllərinə aldıqları oyuncaqları belə saxlaya bilmirlər və əllərindən salırlar. 


Motorikada zəif inkişafın olması bir çox başqa fəaliyyətlər zamanı da özünü göstərir. Belə ki, onların çəkdiyi şəkillər natamam əyri xətlər olur. 

Motorikanın çatışmazlığı həm də əqli geriliyi olan uşaqlarda danışıq nitqinin pozulması ilə də müəyyən dərəcədə bağlıdır. Danışıq nitqinin fonematik cəhətdən düzgün olması, nitq orqanlarının hərəkətinin dəqiq koordinasiyasından asılıdır. Məktəbəqədər yaş dövründə uşaqların yerişində və əl əməyi fəaliyyətində motorikanın pozulması onların nitqində də bilavasitə öz əksini tapır. 


Məktəb illərində əqli geriliyi olan uşaqlarla dərsdə və ya dərsdənkənar vaxtlarda mütəmadi olaraq yerinə yetirilən tapşırıqlar, tərbiyəvi-korreksiya işi motorikada olan çatışmazlığın aradan qalxmasına köməklik edir və nəticə etibarı ilə bir çox şagirdlər təhsil aldıqları illər ərzində daha asan yeriməyə, top oynamağa başlayır və hətta məişətdə və cəmiyyətdə ən çətin tapşırıqların öhdəsindən gələ bilirlər. 


Əqli, yəni intellektual və sosial ünsiyyət inkişaf məsələlərinə gəldikdə isə uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdlarından heç də geri qalmır. Sual olunur:

 

"Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?”. Bu sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş, əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik, istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu, ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir. Bu məhdudiyyətlər göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli olaraq daha ləng inkişaf etməsinə, onun öyrənmə qabiliyyətinin daha zəif olmasına səbəb olur.

 

Əqli geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir. Məktəbdə oxuyan zaman da çətinliklər meydana çıxır. Onlar nəyəsə nail ola bilsələr də, bunun üçün çox vaxt tələb olunur.

Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər.

 

Bunlardan ən mühümləri aşağıdakılardır:


1. Genetik hallar

2. Hamiləlik zamanı yaranan problemlər

3. Doğuş problemləri

4. Sağlamlıq problemləri


Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. Məlum olduğu kimi, əqli geriliyin 3 dərəcəsi var:

 

Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir.


Ağır və orta dərəcə (imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərketmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir.


Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir.


Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:


İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxşılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər kompleksidir.


Kukloterapiya - bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi və s.).


Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərinin inkişafına təsir etdiyi məlumdur.


Psixoloji nağıl - bu üsul hər bir uşaq üçün tanış olan bir yol, nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.


Art-terapiya (yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) - uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.


Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri-ənənəvi metodlardan da istifadə olunur ki, bunlardan aşağıdakıları diqqətə çatdırmaq istəyirik: 


Atlar üzərində gəzmək və ya cıdır terapiya. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt - yəhərlənməmiş atlar seçilməlidir və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanmış olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.


Yoqa - reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olan duruş, əyilmə və s. onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artırılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.


Musiqi terapiya - musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhvali-ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhvali-ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinasiyası yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkətə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.


Kanisterapiya - itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Bu, uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.


Delfinoterapiya - delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə, demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur.


Qeyd etməyi vacib bilirik ki, belə uşaqlardan bizim də öyrənəcəklərimiz çoxdur.


Bir neçə il bundan əvvəl olimpiya oyunları zamanı belə bir hadisə baş vermişdir. Belə ki, fiziki və əqli cəhətdən geri qalan 9 yarışçı 100 m qaçış üçün start xəttinə gəlir. Başlamaq üçün göstəriş verilir və onlar birlikdə yarışmağa başlayırlar. Yarış başladıqdan az sonra 1 yarışçı yıxılır və ağlamağa başlayır. Qaçan digər 8 yarışçı onun səsinə arxaya çevrilir və onun yıxıldığını görür. Onlar yarışı dayandırıb geri qayıdırlar. 8 yarışçı onun qoluna girir və onlar hamısı birlikdə qaçmağa başlayır, finişə də birlikdə çatırlar. Yarışı izləyənlər onları ayaq üstə saatlarla alqışlayırlar.

Bu hadisə onu göstərir ki, bu uşaqlar çox həssas olurlar, insana gec öyrəşdikləri kimi, öyrəşdikdən sonra ondan uzaqlaşmaları da çətin olur. 

Yazımı dünyanın görkəmli filosofu, müəllimi Aristotelin sözü ilə bitirmək istərdim:

 

"Adi müəllim danışır, yaxşı müəllim göstərir, əla müəllim başa salır, dahi müəllimsə ruhlandırır”. 




Загрузка...