Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır
"Son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-in nəticələrinə əsasən azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb".
Məlumata görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, PIRLS - 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə üzrə 340 mindən çox şagird, 330 min valideyn, 16 min müəllim, 12 min məktəb cəlb olunub:
"Azərbaycan üzrə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox IV sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib. Bu tədqiqatda şagirdlərin oxu bacarığı yoxlanılır. Oxu prosesinin ayrı-ayrı komponentləri üzrə ölkə üzrə şagirdlərin nəticələrində əsaslı yaxşılaşma qeydə alınıb.
"İnformasiya almaq məqsədilə” oxu bacarıqları 460 baldan 475 bala, ədəbi məzmunlu mətnlər üzrə oxu bacarığı 461 baldan 465 bala qədər inkişaf edib. Şagirdlərin "İzah, inteqrasiya və qiymətləndirmə” bacarıqları 449 baldan 463 bala, "birbaşa nəticə çıxarma” bacarıqları isə 469 baldan 476 bala qədər artıb. Nəticələrə əsasən, qızların oxu bacarığı oğlanlardan yaxşı olub".
Şöbə müdiri qeyd edib ki, PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 – "mükəmməl”, "yüksək”, "orta” və "aşağı” səviyyəyə bölür:
"Ölkə üzrə son 5 ildə "mükəmməl” və "yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. "Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb".