İsmayıllıda dərs keçən gənc müəllimin inanılmaz həyatı: Velo yürüşlər, əsrarəngiz rəsmlər - FOTOLAR
Şagirdlərinin yaxşı təhsil alması üçün əlindən gələni edir, asudə vaxtlarının səmərəli keçməsinə yardımçı olur. Bir sözlə, Elbrus Hüseynov şagirdlərinə müəllim adına yaraşan tərzdə dərs deyir.
Aztəhsil.com a24.az-ın "Gənc müəllim” layihəsinin bu dəfəki qonağı idman müəllimi Elbrus Hüseynovdur.
O, 1989-cu ildə İsmayıllı rayonunda doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Hələ tələbə olduğu illərdə İsmayıllı Olimpiya İdman Kompleksində müəllim işləyib. Daha sonra İsmayıllı rayonu Tircan kəndində 1 millik müqavilə ilə müəllim kimi çalışmağa başlayıb. İndi də MİQ imtahanından sonra elə öz doğma rayonunun Göytəpə kəndində şagirdlərin fiziki tərbiyəsindən məsuldur.
Gənc müəllim şagirdlərinin asudə vaxtlarını dəyərli və sağlam keçirmələri üçün də çalışır. Elbrus Hüseynov velosiped idmanı ilə məşğuldur və çalışır ki, şagirdləri də bundan faydalanaraq sağlam qalsınlar. Hətta vaxtaşırı onlar üçün velo yarışlar da təşkil edir.
Deyir şagirdlərimlə münasibətim yaxşıdır. Hətta bəzi şagirdlərim açıq etiraf edir ki, məni çox istəyir.
-Bəs kənd məktəbində çalışmağınıza peşman deyilsiniz? Bakıda daha gözəl və şəraiti yaxşı olan bir məktəbdə də kariyera qura bilərdiniz…
"Xeyr, peşman deyiləm. Əksinə həmişə rayondan uzaqda dərs demək istəmişəm. Maaşımın qane etməməyinə baxmayaraq, işimi sevirəm. Məktəbdə bütün şagirdlər demək olar ki, məni sevir. Mənim də sevimli şagirdlərim var. Şəkilləri də həmişə onlarla çəkdirirəm”.
Hələ bu harasıdır? Gənc müəllim həm də həvəskar fotoqraf və səyahətçidir. Velosipedlə Azərbaycan bölgələrinə səyahət edir. Gəzintisini gerçəkləşdirərkən, maraqlı təbiət mənzərələrini, yaşadığı unudulmaz anları da kamerasının yaddaşına köçürməyi unutmur.