Yeni iPhone SE nə zaman göstəriləcək?
"Apple" şirkəti ikinci nəsil "iPhone SE" smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək. Bu barədə çindilli "Economic Daily News" nəşri məlumat verib.
Aztəhsil.com xəbər verir ki, şərti adı "iPhone SE 2" olan smartfon eksklüziv olaraq Tayvanın "Wistron" istehsalçısı tərəfindən hazırda orijinal "iPhone SE" modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə yığılacaq.
Bildirilir ki, "iPhone SE 2" smartfonunun 2016-cı ilin martında təqdim olunan "iPhone SE" modelinin ənənəsinin davamı olaraq 2018-ci ilin martında keçiriləcək mətbuat tədbirində nümayiş olunacağı gözlənilir.
İlkin məlumatlara görə, "iPhone SE" modelini əvəzləyəcək "iPhone SE 2" smartfonu "Apple A10" prosessoru daxil olmaqla ötən il buraxılan "iPhone 7"-nin eyni texniki imkanlarına malik olacaq. Bununla yanaşı, yeni qurğunun 4 düym diaqonallı dizayn və "Touch ID" barmaq izi skanerini saxlayacağı qeyd olunur.