LDU “Narkomaniyaya yox!” dedi
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Lənkəran Dövlət Universitetində (LDU) tələbələr üçün maarifləndirmə məqsədi ilə geniş tədbir keçirib.
" Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, müvafiq icraçı orqanlarla birlikdə keçirilən tədbiri LDU-nun umumi işlər üzrə prorektoru Vüqar Musayev açıb.Narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini qeyd edən Vüqar Musayev universitetdə bu sahədə davamlı olaraq profilaktiki tədbirlərin həyata keçirildiyini,təbliğat işlərinin səmərəliliyinə daim önəm verildiyini iştirakçıların nəzərinə çatdırıb.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı ,polkovnik Tanrıverdi Aydınov,Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə,Lənkəran Şəhər İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Emin Quliyev,Lənkəran şəhər təhsil şöbəsi müdiri vəzifəsini icra edən Güloğlan Bağırov və başqaları tədbirdə çıxış edərək narkomaniyanı müasir dövrün ən böyük sosial bəlası adlandırıblar.
Cənub bölgəsində bu dəhşətli bəlanın yayılmasının əsas səbəblərini təhlil edən çıxışçılar cəmiyyətin bütün üzvlərini problemin həllində birgə fəaliyyətə,qarşılıqlı əməkdaşlığa çağırıblar.Müasir gəncliyi,xüsusən də onun öndə gedən hissəsi olan tələbələri narkomaniyadan qorumaq məqsədilə profilaktik tədbirlərin,maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər,cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan qurtulmaq üçün yeniyetmə və gənclərə zərərli vərdişləriun fəsadları haqqında mütəmadi məlumat verilməsini zəruri sayıblar.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar və digər maarifləndirmə xarakterli çap məhsulları iştirakçılar arasında paylanılıb.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri