"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu
1. Uşağı sakitləşdirmək üçün, onun fikrini yayındırmaq lazımdır
Məqsəd: uşağa mənfi emosiyaların öhdəsindən gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla, biz mənfi hisslərin uşağın içində qalmasına səbəb oluruq və hisslərin çıxması üçün şərait olmur. Hətta əgər o zahirən sakitləşmiş görünsə də, çox güman ki, ilk fürsətdə öz hisslərini büruzə verəcək, biz isə təəccüblənəcəyik ki, axı uşaq niyə xırda bir məsələ ucbatından bir saat isterikaya düşdü.
Emosiyalar – enerjidir, onları da hansısa yolla sərf etmək lazımdır. Biz sadəlövhcəsinə düşünürük ki, bu hisslər sadəcə öz-özünə yoxa çıxacaq. Bəlkə də həyatda heç bir məsələ ilə bağlı bu cür möcüzənin baş verməsinə inanmırıq. Biz gözəl başa düşürük ki, başımızı işlə qatmaqla aclıq hissi yoxa çıxmır (düzdür, müəyyən müddət aclığı unutmaq olar, amma orqanizmimiz cidd-cəhdlə bizə yemək qəbul etməyimiz üçün siqnallar verəcək). Biz bilirik ki, səliqəsiz otaqdan çıxmaqla o otaq qaydasına düşməyəcək. Və nəhayət biz yersiz vaxtda bizi narahat edən təbii ehtiyacımızın (həmişəlik və tamamilə!) yoxa çıxacağına ümidlənib özümüzü boş yerə təsəlli etmirik. Biz sadəcə bu siqnallara daha sivil yollarla cavab verməyə çalışırıq. Emosiyalar da bizdən bunu tələb edir. Emosiyalar pis irsi vərdişlər səbəbilə və ya uşaqların təbiətcə idarəçi və ziyankar olmağa meylli olduqları üçün meydana çıxmır – emosiyalar bizə nəyinsə qaydasında getmədiyini xəbər verir. Və hətta əgər nəyisə düzəltmək mümkün deyilsə, emosiyaları ifadə etmək, yaşamaq lazımdır ki, onlar üst-üstə yığılaraq partlamamış bomba təsiri göstərməsinlər.
2. Uşaq kimisə dişləyirsə – əvəzində onu da dişləmək lazımdır
Məqsəd: Uşağa dişləməyin insanı incitdiyini göstərmək və onda acıma hissi oyatmaq.
Nəticə: Biz bu yolla uşağa müxtəlif ideyalar verə bilərik, amma əmin olun ki, ağrıya səbəb olduğu üçün dişləməyin pis hərəkət olduğunu ona izah edə bilməyəcəksiniz. Əksinə, biz bu hərəkətimizlə ona göstəririk ki, deməli başqasını dişləmək olar. Həmçinin biz ona güclü olanın qalib gəldiyini göstəririk. Habelə, ona yazığımız gəlmədiyini və onu incitməyə hazır olduğumuzu bildiririk. Göstəririk ki, qisas almaq lazımdır və biz böyüklərdən hər şey gözləmək olar. Niyə biz elə düşünürük ki, uşağın hərəkətlərinin eynisini etməklə onda acıma hissi oyadacağıq? Çünki, ümid edirik ki, uşaq öz məntiqini işə salacaq:
"məni dişlədilər və mən ağrı hiss etdim – deməli, mən də kimisə dişləyəndə onun ağrı hiss etməsinə səbəb oluram. Mənim ağrı hiss etməkdən xoşum gəlmir – deməli, bu başqasının da xoşuna gəlməyəcək. Mən öz valideynlərimi sevirəm – deməli, onların ağrı hiss etməsini istəmirəm, çünki ağrı hiss etmək çox pisdir”. Bütün bunları beynimizdə daha qısa şəkildə canlandırırıq, amma sözlərlə ifadə edəndə görürük ki, uşağın beyni buna hazır deyil.
Həmçinin, biz uşağın beynində bu alqoritmi işə salmağa cəhd edəndə unuduruq ki:
▪ o bu cür arıdıcıl məntiqi gedişatlar etmək üçün hələ şifahi-məntiqi düşüncəyə sahib deyil
▪ belə hallarda hisslər işə qarışır – məsələn, uşaq qorxur və ya inciyir və ya bu hisslərin hamısını keçirir. Və o tərbiyəçiyə olan inamını itir. Belə olan halda məntiqə artıq yer qalmır.
Beləliklə, əgər bu cür üsulun məqsədi uşağı dişləməkdən çəkindirməkdirsə, ola bilsin ki, bu üsul işə yaramayacaq. Lakin, əgər məqsədimiz uşağımıza acıma, başqasının dərdinə şərik olma hissləri aşılamaqdırsa, o zaman başqa üsula əl atmalıyıq.
3. Uşaq xəsis böyüməsin deyə, ona paylaşması üçün israr etmək lazımdır
Məqsəd: uşağa əliaçıq olmağı öyrətmək.
Nəticə: bu üsul ən əks nəticəni verəcək. Bir qayda olaraq, biz iki halda nəyisə paylaşmaq istəyirik:
▪ əmin olanda ki, paylaşdığımız şey hər kəsə çatacaq qədər çoxdur
▪ və bizə yaxın olan insana yaxşılıq eləmək istədikdə. Belə olan halda hətta öz istədiyimiz bir şeyi də qurban verməyə hazır oluruq.
Bundan əlavə, biz bir şeydə mənfəət güdərək, məsələn kiminsə rəğbətini qazanmaq və ya haqqımızda kiminsə pis düşünəcəyindən qorxaraq əlimizdə olanı paylaşırıq:
Elə məhz sonuncu "əliaçıqlıq” variantı özümüzün də bu cür tərbiyə olunmağımızın nəticəsidir. İlk iki variant isə müəyyən səviyyədə yetişkənlik tələb edir. Qarışıq hisslərə hazır olmaq ("bunu özüm istəyirəm, amma yaxşılıq da eləmək istəyirəm”) və məkan-zaman təsəvvürlərinin təkmilləşməsi ("bilirəm ki, bundan yenə əldə edə bilərəm”) – bütün bunları müəyyən yaşa qədər uşaqdan gözləməyə dəyməz (oyun meydançasında oynayan uşaqlardan isə ümumiyyətlə gözləməyə dəyməz. Çünki "əliaçıqlıq pedaqogikasının” mərkəzi məhz oyun meydançalarıdır). Bəs uşağa əliaçıq olması üçün necə kömək etmək olar? Hər şey çox sadədir – ona nümunə olmaq lazımdır (səmimi əliaçıqlıq nümunəsi, məcburi, göstəriş üçün nümayiş etdirilən əliaçıqlıq nümunəsi yox). Və ümumiyyətlə əliaçıqlıq etməzdən əvvəl, mülkiyyətin nə olduğunu dərk etmək lazımdır. Yəni, əgər kimsə uşaqdan onun oyuncağını istəyirsə, onun imtina etmək haqqına sahib olduğunu qəbul etmək lazımdır.
4. Uşaq ağlağan olmasın deyə, ona başına gələn hadisənin əhəmiyyətsiz olduğunu göstərmək lazımdır
Məqsəd: uşağa hisslərinin öhdəsindən asanlıqla gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla hansı nəticə əldə edəcəksinizsə, bu üsul da eyni nəticəni verəcək. Emosiyaların öhdəsindən gəlməyin yeganə yolu – onları büruzə verməkdir. Bunu isə müxtəlif yollarla etmək olar: hönkürtü ilə ağlamaq, qışqırmaq, hissləri sözlərlə ifadə etmək, onların şəklini çəkmək, məktub yazmaq və s. Lakin, müxtəlif üsulları mənimsəmək üçün vaxta və təcrübəyə ehtiyac var. Və yaxşı olar ki, bu proses böyüklərin vəziyyəti qəbullanması və dəstəyi ilə baş versin. Niyə biz böyüklər hər sıyrıntıya görə ağlamırıq? Ona görə yox ki, kimsə bizə bunun boş şey olduğunu deyib. Ona görə ki, biz ÖZÜMÜZ bunun boş şey olduğunu bilirik. Bu, inteqrasiyanın və zaman təsəvvürlərinin inkişaf etməsinin nəticəsidir. Böyüklər bilir ki, sıyrıntının ağrısı az sonra keçib gedəcək və yara tezliklə sağalacaq. Böyüklər eyni situasiyanı dəfələrlə yaşadıqları üçün və eyni zamanda beyinlərinin tədricən inkişaf etməsi nəticəsində bu biliklərə yiyələnirlər.
5. Uşağın nəzakətli olması üçün, kiçik yaşlarından ondan ədəb qaydalarına riayət etməsini tələb etmək lazımdır
Məqsəd: uşağa diqqətli və qayğıkeş olmağı öyrətmək.
Nəticə: tam əks nəticə verməsə də, bu üsulu tətbiq etməklə vəziyyəti tam düzəltməyə nail olmaq mümkün deyil.
Hər şey, nəzakət məsələsi üzərində işləyərkən nə qədər emosiya sərf etməyimiz və nə qədər zəhmətə qatlaşmağımızdan asılıdır. Əgər uşaq hiss edirsə ki, biz onun "qaşqabağını” qəbul etməyə hazır deyilik, çətin ki, bu onun üçün xoş bir proses və qayğının təzahürü olsun. Bu onun üçün sadəcə əziyyətli bir vəzifə borcu olacaq. Bəlkə də bu üsul ara-sıra, israr etmədən ona təlqin edilsə, o halda əks nəticə verməyəcək. Lakin, gəlin etiraf edək ki, bunu uşağın tərbiyəsinin inkişafı üçün yox, ətrafdakıların rifahı üçün edirik. Əgər uşağa ətraf mühitin təhlükəsiz olduğunu hiss etdirsək, xeyirxah və uşağı bütün hissləri ilə qəbul edən bir şəraitdə uşaq özü diqqətcil və qayğıkeş böyüyəcək.
Nadejda Monastırskaya