Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar
Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə "Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi ilə bağlı tədbir keçirilib.
Qeyd edək ki, "məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində 22 sentyabr 2017-ci il 22 dekabr 2017-ci il tarixinədək keçirilir.
Layihənin əsas məqsədi region məktəb psixoloqlarının praktiki biliklərinin artırılmasına, onların müasir psixoloji metodikalarla tanış olmalarına dəstək olmaqdır.
Bu barədə layihənin rəhbəri Bakı şəhəri, Yasamal rayonu 38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədova və təlimçi Nətavan Mövlamova çıxış edərək, geniş məlumat veriblər.
Bildiriblər ki, seminarlar Yevlax, Ağdam və Mingəçevir şəhərlərində 3 gün ərzində keçirilir:
"Layihə çərçivəsində məktəb psixoloqlarına "Davranış problemləri və onların həlli yolları", "Özünəqapalı, məktəb fobiyası olan uşaqların kollektiv fəaliyyətlərə cəlb edilməsi", "İnkişaf geriliyi (kəkələmə, disleksiya, öyrənmə çətinliyi, daun sindromlu, mental gerilikli və digər) yaşayan uşaqlarla fərdi reabilitasiya proseslərinin təşkili", "Təlimdə geri qalmanın səbəblərinin araşdırılması", "Çətin yeniyetməlik", "Peşə seçimi" və s. məlumatlar verilib.
Layihə çərçivəsində, məktəblilər arasında maarifləndirmə işinin uğurlu olması üçün, psixoloji xidmət sahəsinin fəaliyyətinin genişlənməsi üçün psixologiyaya maraq göstərən 10 şagirddən ibarət "Psixologiya klubu" yaradılması və aylıq "Psixologiya" divar qəzeti buraxılması təklif olunub.
Esmira Hidayətova, Mingəçevir