İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/2018-ci tədris ilindən yuxarı sinif şagirdlərinə "Bir günlük tələbə” olmaq imkanı yaradılır.
Aztəhsil.com xəbər verir ki, UNEC-dən AZƏRTAC-a bildirilib ki, həftə ərzində paytaxtın 10, 27, 83, 182 nömrəli məktəblərinin və Bakı Avropa Liseyinin X-XI sinif şagirdləri "UNEC-də bir gün” layihəsində iştirak ediblər. Şagirdlərin əksəriyyəti maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı biznesinin idarəedilməsi, menecment ixtisaslarına maraq göstəriblər.
"Bir günlük tələbə”lərə şərti tələbə bileti təqdim olunub. "Tələbə bileti” dərslərdə iştirak etməyə, kitabxana və yeməkxanadan istifadə etməyə icazə verir. Onlara gələcəkdə ixtisas seçimində çətinlik çəkməmələri üçün konsultasiya xidməti də göstərilib.
UNEC-də dərs və imtahan prosesinin ictimaiyyətə açıq keçirildiyini müsbət hal kimi qarşılayan şagirdlər "Bir günlük tələbə” olaraq imtahan sessiyasını da izləyə biləcəklərindən məmnun olublar. Onlar gələcəkdə UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə bakalavrlar üçün olan ikili diplom proqramı, eləcə də "Universitet Daxili İki Diplom (UDİD)” proqramından faydalanmaq istədiklərini bildiriblər.