Dünya məktəbi kollektivinə ağır itki üz verib
Dünya məktəbi kollektivinə ağır itki üz verib. 10 ildən çox bizimlə çalışan əməkdaşımız, dostumuz Əlibəndə Əliyev ömrünün 37-ci ilində faciəli şəkildə dünyasını dəyişib.
Əziz dostumuz Əlibəndə peşəkar rəqqas idi. Bu dünyaya, insanlara rəqsin gözü ilə baxırdı. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı,Azərbaycan Dövlət Uşaq Flarmoniyası və bir çox mötəbər yerlərdə peşəkar rəqslə məşgul olmuş və gənclərə rəqsin sirlərini öyrətmişdir. Rəqqas kimi 10-dan çox dünya ölkələrində Azərbaycan rəqsini məşhur salonlarda ifa etmişdi. Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəsifəsində uzun illər idi ki, çalışırdı. Hazırladığı peşəkar şagirdlərlə birlikdə dəfələrlə Azərbaycanda və kənar ölkələrdə məktəbimizi uğurla təmsil etmişdi.
Bu həyatın bütün çətinliklərinə, qayğısına baxmayaraq Əlibəndə ömrünü büsbütün rəqsə həsr etdi. Sadə, şöhrətdən uzaq, sadiq bir insan idi. Rəqs onun bu dünya içində ayrı bir kiçik dünyası idi sanki.. Öz kiçik dünyasından böyük dünyaya boylanır, qəlbindən axıb gələn musiqini bütün bədəni,ruhu ilə ifa edir, duygularını,kövrək qəmini,ümid və arzularını hərəkətə çevirirdi.
Onu rəqs sevdalısı,mərhəmət və xeyirxahlığı ilə işiq saçan bir dost kimi xatırlayacağıq. O, rəqsin sirlərini öyrətdiyi yüzlərlə gəncin qəlbində yaşayacaq...Dünya məktəbində birgə çalışdığı müəllim kollektivinin ürəyində yaşayacaq...