Məktəb psixoloqları üçün seminar
"Psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdir. Seminarda paytaxtın bir sıra ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər.
Fərdi və qruplarla keçirilən seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun – psixoloqun fəaliyyət planı, psixoloqun qeydiyyat jurnalı, şagirdlərin fərdi kartlarının (xəritəsinin) hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, birinci sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.
Sonda xarici ekspert tərəfindən psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.
Qeyd edək ki, "Psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” layihəsi Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.