“İstedad sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Noyabrın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "İstedad sorağında” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsert keçiriləcək.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında "İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü - yekun turunu keçirib.
Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması, Azərbaycan musiqi sənəti tarixində özünə əbədi yer tapmış və bu gündə xalqımız tərəfindən daim maraqla izlənən ecazkar musiqi alətlərinin yaşaması, gələcəkdə daha da inkişaf etdirilməsi və təbliğidir.
Bildirilib ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib. 3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.