Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarından uğurla keçən 169 müəllim bu tədris ilindən Quba rayonunda işlə təmin olunub.
Onlardan 83-ü Bakıdan, eləcə də digər şəhər və rayonlardan gələn müəllimlərdir. Həmin pedaqoqların əksəriyyəti dağ kəndlərindəki ümumtəhsil məktəblərində çalışır.
Əslən Oğuz rayonundan olan Sevinc Zakirzadə hazırda ucqar Xınalıq kəndində müəllim işləyir. Gənc pedaqoq Rüfət Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbinin şagirdlərinə riyaziyyatın sirlərini öyrədir.
Aztəhsil.com azərtac.az-a istinadən Sevinc müəllimə müsahibəsində bildirib ki, Xınalıqdan əvvəl rayonun digər ucqar yaşayış məntəqələrindən olan Zeyid kəndində üç il dərs deyib.
Bu tədris ili ərəfəsində isə imtahan verərək daha yüksək bal toplayıb. Buna baxmayaraq, müəllimlik fəaliyyətini davam etdirmək üçün yenə də Qubanın ucqar dağlıq kəndlərindən birini seçib.
Xınalıq məktəbində riyaziyyatla yanaşı, kimya və informatika fənlərini tədris edən pedaqoqlar da başqa rayonlardan gələnlərdir. Təhsil ocağında 340 şagirdin təlim–tərbiyəsi ilə 23 müəllim məşğul olur. Kəndə təyinatla gələn müəllimlərin həyat şəraiti daim diqqət mərkəzində saxlanılır.
Bu il Quba rayonuna 170-ə yaxın müəllim təyinat alsa da, təhsil ocaqlarında 150-dən çox vakant iş yeri qalmaqdadır.