“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək
"Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək.
Aztəhsil.com azərtac.az-a istinadən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, pedaqoji mühazirələrin cari ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya mayında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur.
BŞTİ tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə iki mərhələ üzrə ictimai əsaslarla təşkilat komitəsi yaradılıb.
Pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər.
2017-2018-ci dərs ilində təşkil olunacaq pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.
Mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək.
Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək.
Rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə təşkilat komitəsinə təqdim ediləcək.
Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.