“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert
"Bizdə hər kəs övladının hüquqşunas, prokuror, vəkil olmasını istəyir. Minimal arzu isə odur ki, müəllim olmalısan. Övladını mühəndis olmağa həvəsləndirən valideyn tanımırsınız ya da istisna hal kimi xatırlayırsınız. Diqqət etdinizsə, bunların hər biri humanitar sahənin ixtisaslarıdır. Hansı ki, dünya mühəndislik əsrini yaşayır. Dünyada bu sahələrə maraq daha böyükdür”.
Aztəhsil.com moderator.az-a istinadən bu sözləri karyera məsələləri üzrə ekspert, "Karyera bələdçisi” kiatbının müəllifi Eyvaz Qocayev deyib.
Mütəxəssis bildirib ki, məktəblilərdə mühəndisliyin ayrı-ayrı istiqamətləri təbliğ olunmalı, təqdimatlar keçirilməlidir ki, məktəbli bu sahələr barədə məlumatlı olsun:
"Gəlin, soruşaq, görək, hansı məktəbli "Təkrar emal və bərpa texnologiyaları” ixtisasının adını eşidib?! Hansı ki, yeni istehsal sənayesi bu sahələr üzrə mütəxəssislərə ehtiyac duyur.
Belə onlarla ixtisas adı çəkmək olar. Bildiyim qədəri ilə Qərb Universiteti ötən il məktəblilərə ixtisas seçimi ilə bağlı təlimlər keçirdi. Yaxşı təşəbbüsdür. Ümid edirəm, bu tədris ilində də davam edəcək bu ənənə.
Məndə olan məlumata görə, bu universitetdə bir sıra mühəndislik ixtisasları açılıb, yaxşı maddi-texniki bazaya, infrastruktura malik Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi yaradıblar. Təhsil ocaqları istehsalatın, iş dünyasının tələblərinə vaxtında belə reaksiya verməlidir”.
Karyera mütəxəssisi məktəblilərə ixtisas seçimində psixoloqlara və peşəkar pedaqoqlara müraciət etməyi tövsiyə edir.