AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistr, doktorant və dissertantları arasında "Ana dilimiz – milli varlığımızdır” adlı müsabiqə keçirilir.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlünün məlumata görə, sənəd verən 140 nəfərdən 115 nəfəri müsabiqədə iştirak edib.
Onun sözlərinə görə, müsabiqə çərçivəsində AMEA əməkdaşları inşa və ifadələr yazıblar:
"Bundan sonra iştirakçılar arasında dialekt sözlərin deyilməsi və izah edilməsi ilə bağlı müsahibə keçirilib. Həmçinin iştirakçıların Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında bilikləri yoxlanılıb”.
T. Şükürlü bildirib ki, klassik və müasir Azərbaycan poeziyasından seçmə şeir nümunələrinin deyilməsi ilə müsabiqənin sonuncu mərhələsi baş tutub:
"Müsabiqə komissiyasının üzvləri tərəfindən magistr, doktorant və dissertantların iştirakı 10 ballıq sistemlə qiymətləndiriləcək və yekunda müsabiqədə ən yüksək bal toplayan 3 nəfər pul mükafatı ilə təltif ediləcək. I yerin qalibi 1500, II və III yerin sahibləri müvafiq olaraq 1200 və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar”.
Nəticələrin yaxın vaxtlarda elan olunacağını deyən şöbə müdiri qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.
Qeyd edək ki, müsabiqə AMEA prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən keçirilir.