"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA
"X siniflər üçün rusca nəşr olunmuş "Всеобщая история” ("Ümumi tarix”) dərsliyində yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunması məni çox təssüfləndirdi".
Aztəhsil.com unikal.org-a istinadən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin verdiyi müsahibəni təqdim edir:
-Azərbaycan-Ermənistan Prezidentlərin son görüşündən sonra da cəbhədə təxribatlar baş verməkdədir. İki gün əvvəl daha bir əsgərimiz şəhid oldu?
- Ermənistan heç vaxt uydurma iddialarına son verməyib. İşğalçı ölkə yalançı danışıqlar aparır və danışıqların imitasiyası ilə məşğuldur. Cəbhə xəttində Ermənistan hər zaman təxribatlara yol verir. Düşmən təxribatının qurbanı mülki əhali-uşaqlar, qadınlar olur. Hesab edirəm ki, burda heç bir yenilik yoxdur. Təəssüflənirəm ki, beynəlxalq təşkilatlar bununla bağlı müvafiq qərarlar çıxarmırlar.
- Bildiyiniz kimi, Rusiyanın baş naziri Dmitri Medvedev İrəvanda səfərdədir. Bu səfəri necə dəyərləndirirsiz?
- Medvedev öz mülklərini yoxlamaq üçün İrəvana səfər edib. Axı, Ermənistan müstəqil dövlət deyil. Rusiyanın hərbi ərazisidir. Medvedevin də Ermənistana səfərinin əsas məqsədi öz ərazini, bölgəsini ziyarət eləməkdir. - Bir müddət öncə, AŞPA Azərbaycan əleyhinə qətnamə çıxardı.
-Hazırda Azərbaycan AŞPA münasibətləri hansı istiqamətə yönlənib?
- Görünən odur ki, Azərbaycana qarşı geniş miqyaslı informasiya müharibəsi aparılır. İnformasiya müharibəsində erməni lobbisi, ermənilərin sahibləri olan yeni şəbəkələr bu məqsədlə səfərbər edilib. Düşmən ölkə əlindən gələni edir ki, Azərbaycan Dağlıq Qarabağı qaytara bilməsin, ölkəmiz öz dədə-baba torpaqlarına qaytarmaq üçün imkan verilməsin. Çox təəssüf ki, biz informasiya müharibəsində çox da uğurlu işlər görmürük.
-Səbəb nədir?
-Çox ciddi işləmək lazımdır.
-Hansı sahələrdə?
-İnformasiya sahəsinə aid olan bütün sahələrdə ciddi çalışmalıyıq. Beynəlxalq təşkilatlarda hər bir imkandan istifadə edərək, Azərbaycan öz qüvvələrini səfərbər etməlidir. Azərbaycana dost olan diaspor təşkilatları səfərbər etməliyik. Peşəkar üsullarla biz mübarizəni, müharibəni davam etdirməliyik. Bu müharibənin yeni növüdür. Əsas məqsəd Azərbaycandan Ermənistanın işğal etmiş ərazini qoparmaqdır. Ermənistanın hazırkı məqsədi beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ciddi xələl gətirmək və ölkəmizdə işğal etmiş ərazini qoparmaqdır. İkinincisi, Azərbaycanın qərblə münasibətlərini pozaraq keçmiş imperiyanın qurbanına çevrilməkdir.
-Bunun sonunu necə görürsüz?
-Mən deyirəm ki, işləmək lazım və qalib gəlmək lazımdır. Gücümüzü səfərbər etsək, qalib gələcəyik.
-Bəs Azərbaycan mətbuatının informasiya müharibəsində oynadığı rol nə qədərdir?
-Azərbaycan mətbuatı daxili məkan üçün işləyir. Beynəlxalq informasiya məkanında çalışmaq lazımdır.
- Azərbaycanda beynəlxalq səviyyəli mətbuat görmürsünüzmü?
-Çox təəssüflənirəm.
-Amma bu iddiada olan media rəhbərləri var...
-Bu gün hər bir informasiya saytının oxucu coğrafiyasına görə müəyyənləşdirmək olar. Çox təəssüf ki, bizim informasiya saytlarımızda ölkə daxilindən kənarda oxucu kütləsi bir o qədər də yoxdur. Jurnalistlərimizin də əhatə dairəsi də yetərincə deyil.
-10 sinif tarix dərsliyində "Böyük Ermənistan” xəritəsinin yer alması ciddi narazlığa səbəb oldu. Bu məsələyə münasibətinizi bilmək istərdik.
-Bu hadisə məndə təəssüf doğurur. Nəzərə alsaq ki, bu gün Ermənistan bizimlə təkcə silahla deyil, beynəlxalq aləmdə də informasiya müharibəsi aparır. Bütün bu yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər. Bu, beynəlxalq aləmdə gördüyümüz işlərə kölgə sala və düşmənə yeni rıçaqlar verə bilər. Hesab edirəm ki, bizdə dərsliklərin hazırlanmasını qeyri-peşəkarlara həvalə edilməsi bu problemləri yaradır. Kitabı ərsəyə gətirən hər kəs bu işdə diqqətli və gördükləri işin Azərbaycan naminə nə qədər xeyir verə biləcəyinin məsuliyətini dərk etməlidir. Təhsil Nazirliyi bu məsələlərdə diqqətli olmalı, daim yoxlamalar aparmalı və peşəkar mütəxəssisləri dərsliklərin hazırlanmasına cəlb etməlidir.