Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub
Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində XVIII əsrin görkəmli şairi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə qeyd olunub ki, Molla Pənah Vaqif həm Azərbaycan poeziyasının ən gözəl nümunələrini yaradıb, həm də tariximizə görkəmli siyasi xadim kimi daxil olub.
Aztəhsil.com qafqazinfo.az-a istinadən xəbər verir ki, tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açıb. Kafedra müdiri Molla Pənah Vaqifin yaradıcılığı və Azərbaycanın ədəbi-ictimai fikrindəki yeri haqqında məlumat verib. Ülviyyə Rəhimova XIX əsrin ikinci yarısında böyük mütəfəkkir Mirzə Fətəli Axundovun maarifçilik ideyalarının həyata keçirilməsində məhz onun poeziyasına söykəndiyini diqqətə çatdırıb.
Daha sonra filologiya tələbələri tərəfindən şairin "Bəri bax” şeiri, "Hayıf ki, yoxdur” qoşması, "Görmədim” müxəmməsi, Vidadi ilə Vaqifin məşhur deyişməsindən bir hissə təqdim olunub, Səməd Vurğunun "Vaqif” dramından Vaqif və Xuramanın səhnəsi, Vaqiflə Qacarın deyişməsi səhnələri ifa olunub.
Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tələbələrin mənəvi tərbiyəsində önəmli rol oynayan bu qəbildən tədbirlərin ənənəvi hal almasının zəruriliyini vurğulayıb, tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbir sözləri Rəfiq Zəka Xəndana, musiqisi Bəhram Nəsibova aid "Qarabağ” mahnısı ilə yekunlaşıb.
Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən 12 yanvar 2017-ci il tarixində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb. UNESCO tərəfindən 2016-cı ili Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilib.