Pekinin sürətli avtomobil yolunda robot-polis sınaqdan çıxarılıb
Pekin yol polisi sürət şosesində qanunsuz parklama və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.
Qurğu Pekinin "Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan böyüklüyündə və çəkisi 20 kiloqrama yaxın olan robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla, 5-8 saat işləyə bilir.
Robot polis qanunsuz parklamanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto-video çəkilişlərini aparır. Bundan başqa, yol-nəqliyyat hadisələri səbəbindən yolda tıxac yaranarkən robot özünü dərhal qəza yerinə çatdırır və hadisə yerindən fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə tıxaclar, qəzalar, yollarda aparılan təmiri işləri və pis hava şəraiti haqqında səsli xəbərdarlıq da göndərə bilir.
Pekin yol polisi bu robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürət şoselərində də istifadə etməyi planlaşdırır.