Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"
"Statistik göstəricilərə görə, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə cəmi 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib. Bu da narahatlıq doğuran məsələdir".
Aztəhsil.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ali məktəblərin hazırlıq səviyyəsinin keyfiyyəti ilə bağlı məsələdir:
"Bu statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir və qarşıda duran əsas vəzifələrdən biridir. Ötən il qəbul edilən "Elm haqqında" qanun bu sahədə ciddi irəliləyişlərə nail olunmasına təkan verəcək. Bu qanun elm sahəsində müvafiq hüquqi baza yaratmaqla yanaşı, elmi fəaliyyətin stimullaşdırılması, elmi işçilərin sosial müdafiəsi, elmi vəzifələrə qəbul və digər məsələlərin həyata keçirilməsinə əsas yaradır. Qanunun verdiyi imkanlardan istifadə nəticəsində həm AMEA, həm də təhsil sahəsində gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq".
Nazir qeyd edib ki, hazırda Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2723 nəfər təhsil alır:
"Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 64 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların 52 faizi ali məktəblərin payına düşür. Bu göstəriciləri yaş nisbəti üzrə müqayisə etdikdə elmlər doktoru proqramları üzrə təhsil alanların 34 faizini yaşı 40-dək olanların təşkil etdiyini görürük".
M.Cabbarov bildirib ki, əvvəlki dövrlərə nisbətən göstəricilər bir qədər artsa da, elmdə nəsillərin yenilənməsi daha sürətlə gedə bilər:
"Dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 65 faizdən çoxdur. Biz bu faizin aşağı salınmasını yaşlı, savadlı insanlarımızın sayını azaltmaqla yox, gənc tədqiqatçılar və alimlərin cəlb edilməsi yolu ilə etməliyik".