Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrdə keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modeli ilə bağlı insanların çoxlu sualı var.
Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var:
"Amma bununla yanaşı onların da müəyyən qədər sualları olur. 2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq.
Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək. Lakin iki ildən sonra keçiriləcək buraxılış və qəbul imtahanlarının cədvəllərini indidən açıqlamaq mümkün deyil".
Məleykə Abbaszadə bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.
DİN sədrinin sözlərinə görə, imtahan cədvəlinin 2 ildən sonra necə olacağına indidən demək çətindir: "2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik".
2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq. Buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
Məleykə Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.