Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova
Yeni tədris ilində Ağstafa rayon Poylu qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Arzu Xəlilova Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 49 bal toplayıb.
İngilis dili müəllimi Arzu Xəlilovanı yaxından tanıyaq.
-Arzu müəllim, zəhmət olmasa özünüzü təqdim edin.
-Mən Xəlilova Arzu Vaqif qızı 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinin Filalogiya fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olmuşam.
-Nə üçün müəllimlik peşəsini seçmisiniz?
-Hər bir insanın uşaqlıqdan arzusu olur. Kimi həkim olmaq istəyir, kimi mühəndis, kimi də müəllim... Mən məhz o müəllim olmaq istəyənlərdən idim. Həmişə uşaqları başıma toplayıb dərs keçirdim. Böyüdükcə anladım ki, bu sadəcə bir uşaqlıq arzusu deyil, həm də düzgün verilmiş bir qərardır. Elə buna görə də ixtisas seçərkən müəllimliyi seçdim.
-Bu sizin ilk pedaqoji fəaliyyətinizdir? Şagirdlərlə işləmək sizə çətin deyil?
-Xeyr, ötən il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim. Müqavilə ilə Böyük Kəsik kənd tam orta məktəbində işlədim. Orda işləmək də mənə çətin deyildi. Sadəcə yol çox uzaq idi. Hər gün 35 km-dən çox məsafə qət etmək yorucu olurdu. Şagirdlərlə işləməyi sevirəm. Bildiklərimi öyrədirəm. Öyrənməyə maraqlı şagirdlər çoxdur. Onların gözündəki işıq mənə stimul verir.
-DQ imtahanında 55 bal toplayıbsınız, bildiyiniz kimi bu yüksək nəticədir. Belə uğurlu nəticə əldə etməyinizi necə izah edərsiniz?
-Yüksək nəticə əldə etmək üçün yaxşı hazırlaşmaq lazımdır. Mən qarşıma məqsəd qoydum. Əslində hədəfim 60 bal idi. Amma həyəcan və tələskənliyə görə bəzi səhvlərim oldu. Qarşısına məqsəd qoyan istənilən müəllim yaxşı nəticə əldə edə bilər.
-Şagirdlərin sizin tədris etdiyiniz dərsə marağı necədir?
-Düzünü desəm ilk başda bir az çətin oldu. Çünki İngilis dili xarici dil olduğundan yeni sözlər, yeni cümlələr şagirdlərə çətin gəlirdi. Amma şagirdlərin dil öyrənmə marağı mənə işimi daha da sevdirdi.
-Sonda müəllim olmaq istəyən şəxslərə tövsiyəniz nələrdir?
-Müəllim olmaq istəyənlərə ilk növbədə demək istəyirəm ki, peşənizi sevin. Mən çalışdım bacardım, çalışsınlar onlar da bacaracaqlar. Müəllim olmaq istəyənlərə uğurlar arzu edirəm.
Həmçinin, fürsətdən istifadə edərək Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Biz gənc müəllimlər Təhsil Nazirliyindən stimul alaraq öz üzərimizdə işləyirik.