Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"
Azərbaycanın orta məktəblərinin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyində yol verilən xəritə səhvi ölkəmizdə olduğu kimi Türkiyədə də böyük rezonans doğurub.
Aztəhsil.com azvision.az-a istinadən xəbər verir ki, gün ərzində bir sıra KİV-lərdə "Türkiyə xəritəsi ortalığı qarışdırdı” kimi oxşar başlıqlı xəbərlər tirajlanıb, dərsliyə etiraz edilib.
Qeyd olunub ki, kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə qondarma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Xarici mətbuatda mənbələrdən biri bildirib ki, kitab ruslar tərəfindən hazırlanıb:
"Kitab Rusiya Fedarasiyası tərəfindən hazırlanıb. Bu kitab Azərbaycanda tarix fənninin tədrisi zamanı əlavə vəsait kimi istifadə olunub”.
Kitabi ruslar hazırladı
Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən etirazlara səbəb olub. Həmin dərsliyin müəllifləri sərt tənqid edilib.
Təhsil Nazirliyi açıqlama yayaraq dərslikdə kobud səhvə yol verildiyini etiraf edib. Nazirlik bəyan edib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.
"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib".