Buradan geçən hər kəs bu rahatlığın yaranmasında illərlə "əziyyət” çəkən məmurlara "təşəkkürlərini” çatdırır...
Görəsən, iki addımlıqda yerləşən "Space” telekanalı bu zövqləri oxşayan unikal payız peyzajlarını, nə əcəb, lentə almır?..
Xəbər verildiyi kimi, bir neçə gündür ki, başlayan ilk payız yağışları artıq paytaxtımızda qeyri-adi mənzərələr yaratmağa başlayıb.
Fotolarda gördüyünüz paytaxtın tanınmış təhsil ocaqlarından birinə –Yasamal rayonu 225 saylı tam orta məktəbinə gedən yoldur. Yerli sakinlərin sözlərinə görə, onlar "gözlərini açandan”, bəlkə də 20 ildən çoxdur ki, hər dəfə azacıq yağış yağanda məktəbin lap yaxınlığında – Ələsgər Ələkbərov və Seyfəddin dağlı küçələrinin kəsişməsində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasının tinində yaşıl ağacların altında belə "gözəl bir mənzərə” yaranır. Hüseyn Cavid prospekti istiqamətindəki binalardan və ya dayanacaqdan düşüb məktəbə gələn müəllim, şagird və valideynlər, eləcə də yataqxanada yaşayan məcburi köçkünlər hər dəfə buradan keçəndə idman vərdişlərini yada salaraq tullanmalı olurlar.
Maraqlıdır ki, iki addımlıqda - küçənin o tayında yerləşən "Space” telekanalı da bu "rahat” məktəb yolunu mütəmadi işıqlandıraraq 225 saylı məktəbin müəllim, şagird və valideynlərinin "təşəkkürləri”ni həmin"göl”ün yaranması üçün illərdir "əziyyət” çəkən Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədər hökumət qurumlarının məmurlarına çatdırmır.Elə buradan keçməklə Hüseyn Cavid prospektinə çıxan sürücülər də avtomobillərini pulsuz çimizdirdiklərinə görə sözügedən ünvanlara "minnətdarlıq”larını yetirmək arzusundadırlar...
Xatırladaq ki, bir neçə gün öncə Moderator.az elə məhz məktəblilərin yolunun keçdiyi eyni koordinatda bu yaxınlarda yaradılmış mənzərəli"göl”ə qərq olmuşödənişliavtomobil dayanacağının da fotolarını yayımlamışdı...
Moderator.az