Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO
2019-cu ildən etibarən qəbul imtahanları yeni model əsasında həyata keçirləcək. Təhsil ekspertləri isə abituriyentlərə indidən hazırlaşmağa başlamalarını tövsiyyə edir. Bu işdə abituriyentlərin valideynlərinin də məsuliyyəti böyükdür. Yeniliyin tətbiqi ilə orta məktəb dərslərinə ciddi hazırlaşmaq lazım olacaq.
2019-cu ildən etibarən qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeniliklərə indidən hazırlaşmaq lazımdır. Bunu universitetə qəbul olmaq istəyən abituriyentlərə təhsil ekspertləri məsləhət görürlər.
Çünki yeniliyin tətbiqi ilə orta məktəb buraxılış imtahanının nəticələri də universitetə qəbul üçün əsas götürüləcək. Ekspertlərin fikrincə, belə olduqda şagirdlər orta məktəb dərslərini də yaxşı oxumağa məcbur olacaqlar.
Bütün şagirdlər bilməlidirlər ki, universitetə qəbul olmaq üçün tədris dili, riyaziyyat və xarici dildən ən az qəbul imtahanı qədər ciddi təşkil edilmiş imtahan verməli olacaqlar. Abituriyentlər mümkün 700 baldan 300-nü məhz buraxılış imtahanında yığacaqlar. Digər 400 balı isə qəbul imtahanında verəcəkləri 3 fənn üzrə toplayacaqlar.
Təhsil eksperti Rəsul Ağayev deyir ki, hər bir valideyn tələbə kimi görmək istədiyi övladının qrup seçimində iştirak etməli və uşağın bilik və bacarığına uyğun olan qrupu indidən seçməlidir. Çünki şagirdlər də növbəti illərdə həmin fənlərə xüsusilə yaxşı hazırlaşmalıdır. Bununla belə yeni sistemin tətbiqi ilə bağlı bir sıra məsələlər hələ ki açıqlanmayıb.
Yaxın günlərdə bu məlumatların da Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanacağı gözlənilir.
eurasiadiary.com//