Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarov məktəbdənkənar müəssisələrin fəaliyyətinin rasionallaşdırılması ilə bağlı əmr imzalayıb. Əmrə əsasən 300-dən çox müəssisənin birləşdirilməsi nəzərdə tutulur. Bu müəssisələrin birləşdirilməsi nəticəsində isə ixtisarların olacağı gözlənilir ki, bu da çox sayda insanın işsiz qalması ilə nəticələnəcək.
Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov verilən əmrin doğru bir addım olduğu bildirib və nəticəsi olmayan belə müəssisələrin bağlanmasını məqsədəuyğun hesab etdiyini qeyd edib:
"Təhsil sahəsində öyrəşdiyimiz ənənəvi müəssisələr, ənənəvi adlar artıq dəyişirilməlidir. Çünki bu müəssisələrin fəaliyyəti kağız üzərindədir, praktiki, əməli fəaliyyəti yox dərəcəsindədir. Düzdür, dünya təcrübəsində məktəbənkənar təhsil müəssisələrinin fəaliyyəti və onların istehsalata buraxdıqları kadrlar yüksək səviyyədədir, amma Azərbaycana baxsaq nə peşə məktəblərinin, nə də məktəbdənkənar tədris müəssisələrin fəaliyyətinə əsasən kadrların heç biri əmək bazarına daxil olmayıb. Bilirsiniz, bəziləri buna etiraz edirlər ki, siz bunu etməklə bizi, loru dillə desək, çörəkpulumuzdan edirsiz. Mən həmin şəxslərə demək istəyirəm ki, siz çörək qazanacaqsınız deyə Azərbaycan təhsili məhv olmamalıdır. Təhsilə ayrılan pullar mərkəzləşmiş şəkildə daha inkişafyönümlü sahələrə yönəldilməlidir. Əslində məktəbdənkənar təhsil müəssisələrinin bir çoxlarının ləğv edilməsinin, birləşdirilməsinin əsas səbəbi oradakı müəllimlərin, rəhbərlərin fəaliyyətsizliyidir. Uzun illər ərzində bu və ya digər məbləğdə vəsaitləri alıb, fəaliyyətsiz dayanmaqdansa, normal bir fəaliyyət ortaya qoysaydılar, bu gün onların çalışdıqları müəssisələr bağlanmazdı. Təsəvvür edin ki, hər il dövlət büdcəsindən 2 milyon manatdan çox vəsait məhz məktəbdənkənar təhsil müəssisələrinə ayrılır. Bu da kifayət qədər ciddi məbləğdir. Fikrimcə, 4 il ərzində Təhsil Nazirliyi gördü ki, bunların fəaliyyətində hər hansısa bir irəliləyiş yoxdur, ona görə də həmin müəssisələrin bağlanması ilə əlaqədar göstəriş verildi".
Kamran Əsədov nazirin müvafiq qərarının ixtisarlara gətirib çıxaracağını da vurğulayıb:
"Bu sahədə təxminən 12 mindən çox müəllim çalışır ki, bu da kiçik rəqəm deyil. Nəzərə alsaq ki, müəllimlərin işə qəbulu və yerdəyişmə prosesi də artıq bitib, bu, o deməkdir ki, onların bir çoxu ixtisar olunacaq və işlə bağlı problemləri ortaya çıxacaq. Əlbəttə bu, sosial problemlərə, narazılıqlara səbəb ola bilər. Amma ləğv olunmuş müəssisələrin boş yerlərinə ayrılan həmin vəsaitlər digər sahədə çalışan müəllimlərin əməkhaqqının artırılmasına yönəldilə bilər ki, bu da başqa bir tərəfdən təhsilin inkişafına gətirib çıxardar. Yenə də qeyd edirəm ki, məktəbdənkənar təhsil müəssisələri kadr hazırlığında müstəsna köməkçi funksiyanı yerinə yetirməlidir. Amma təəssüflər olun ki, biz geriyə dönüb son 20-25 ilə baxanda, onların fəaliyyətinin sadəcə kağız üzərində olduğunu və dövlət büdcəsindən ayrılan əlavə vəsaitlərin israfçılıqdan artıq bir şey olmadığını görə bilirik. Bu səbəbdən də hesab edirəm ki, bu tipli məktəbdənkənar təhsil müəssisələrinin hazırlıq qruplarının bu və ya digər fəaliyyətlə bağlı məşğələlərinin ləğv olunması, onların fəaliyyətinin dayandırılması kimi sərəncamları bundan sonra da görəcəyik”.
Orta məktəblərdəki təhsilin səviyyəsindən də danışan ekspert bildirib ki, orta məktəbin yaxşı olub-olmaması ali məktəblərə neçə şagirdin qəbul olmasını ilə deyil, onun ölkə üçün yaxşı vətəndaş hazırlaması ilə ölçülməlidir:
"Əslində 2008-2009-cu tədris ilindən etibarən Azərbaycanda yeni kurikulum standartları ilə tədris prosesi qurulmağa başlayıb. Ənənəvidən fərqli olaraq kurrikulumda nəticəyönümlülük yox, şəxsiyyətyönümlülük var. Amma təəssüflər olsun ki, biz hələ də 10 ildir tətbiq olunan kurrikulumun standartları ilə ən yaxşı məktəbi yaxşı şəxsiyyət yetişdirən yox, ali məktəblərə qəbulu yüksək olan məktəblər hesab edirik. Əslində isə ən yaxşı məktəb ən çox şəhid vermiş, ən çox idmançı yetişdirmiş, ən çox əsgər yetişdirmiş, şəxsiyyət yetişdirmiş, vətəndaş yetişdirmiş məktəblər hesab olunmalı idi. Çünki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında qanun"a, 2010-cu ildə ölkə prezidentinin imzaladığı "Təhsilin inkişafı üzrə dövlət strategiyası"nın tələblərinə və digər qanunvericilik aktlarına görə, orta məktəblərin funksiyası ali məktəblərə kadr hazırlamaq deyil, vətəndaş yetişdirməkdir”.
Ekspertin bildirib ki, bir çox orta məktəblərdə vəziyyət qənaətbəxş deyil və həmin müəssisələrin xüsusi nəzarətə götürülməsinə ehtiyac var:
"Məktəblərimiz təəssüf ki, yüksək səviyyədə kadr hazırlaya, vətəndaş yetişdirə bilmirlər. Məsələn, orta məktəblərimizdə oxuyan hansı bir gəncimiz ilkin tibbi yardım göstərə bilir, hansı biri özünümüdafiə bilik və bacarıqlarına sahibdir, hansı biri problemli situasiyadan çıxış bacarıqlarına malikdir? Heç biri. Yəni əslində məktəblərimiz şəxsiyyət, birbaşa həyat üçün kadrlar hazırlamalıdır və bu, o demək deyil ki, ali məktəblərə qəbul nəticələri aşağı olan məktəblər bağlanmalıdır. Çünki orta məktəbin funksiyası o deyil. Təbii ki, buraxılış imtahanlarında, müəllimlərin diaqnostik qiymətləndirilməsində fəaliyyəti və nəticəsi zəif olan məktəblərlərin fəaliyyətinin xüsusi nəzarətə götürülməsinə dair tədbirlər planı hazırlana bilər və onlarla bağlı pilot layihələr həyata keçirilməlidir. Bilirsiniz, ümumilikdə təhsil müəssisəsinin bağlanması heç də yaxşı hal deyil, amma orada nəticə yoxdursa, əlbəttə ki, bunu bağlamaq lazımdır. Çünki dövlət boş-boşuna öz vəsaitini kimlərinsə cibinə göndərməməlidir. Düşünürəm ki, nəticəsi zəif olan, direktoru ixtisasa uyğun olmayan, yəni qeyri-profil olan şəxsin idarə etdiyi müəssisəyə dövlət büdcəsindən külli miqdarda vəsait ayırmaqdansa,, onu ləğv etmək daha məqsədəuyğundur".