Almaz Həsrət: "Bəzən təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq. Amma baxırsan ki, nə təkzib gəldi, nə təsdiq”
"Orta məktəblərdə mətbuat xidmətlərinin qurulması təhsilimizin müsbət istiqamətdə inkişafının təminində böyük rol oynaya bilər”
Yeni tədris ili başlayır və mətbuatla təhsil müəssisələrinin çəkişmələrinə yenə şahidlik edəcəyik. Problemi yaradansa təhsil müəssisələrinin mətbuata açıq olmamasıdır. Hansısa təhsil müəssisəsində adidən kənar bir hadisə baş verdikdə bunu ilk tirajlayan sosial şəbəkələr olur. Aktiv sosial şəbəkə istifadəçiləri var ki, istər orta məktəbdə, istərsə də ali təhsil ocaqlarında baş vermiş hansısa hadisə barədə ictimaiyyətə məhz sosial şəbəkələr vasitəsilə cəld informasiya, hətta görüntü də ötürürlər.
Təhsil müəssisəsi rəhbərliyi isə artıq xəbərin ardınca "qaçır”. Kim yaydı, niyə yaydı, məqsəd nədir kimi suallar ətrafında baş sındırmağa çalışırlar.
Günahkar isə yenə də jurnalistlər olur. Bizi dəqiqləşməmiş, təsdiqlənməmiş, mənbədən alınmamış məlumatları yaymaqda günahlandırırlar. Əgər mənbə susursa, jurnalist nə etməlidir? Belədə kütləvi informasiya vasitələri mövcud olan məlumatı yaymağı üstün tutur.
Dəqiqləşməni isə mənbənin öhdəsinə buraxır; Araşdırın və məlumat verin. Təəssüf ki, çox zaman hansısa hadisə barədə hətta bu araşdırmaların və KİV-ə rəsmi açıqlamaların da şahidi olmuruq.
Bəs mətbuatla təhsil müəssisələrinin əlaqələri necə qurulmalıdır?
Vüqar Zifəroğlu: "Media körpüdür” Bakı Dövlət Universitetinin Junalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu medianın ictimaiyyətlə dövlət institutları, o cümlədən təhsil müəssisələri arasında körpü rolunu icra etdiyini dedi:
- Ali təhsil müəssisələrinin mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri fəaliyyət göstərir. Bu çox müsbətdir, çünki KİV-lər hər hansı informasiyanı əldə etmək istədikdə mətbuat xidmətləri, yaxud da ictimaiyyətlə əlaqələr şöbələri ilə əlaqə yaradır və sual ünvanlaya bilirlər. Mətbuat xidmətlərinin sualı nə dərəcədə cavablandırdıqları artıq başqa mövzudur. Amma ən azından jurnalistlərin müraciət edəcəkləri ünvan bəllidir. Mətbuat xidmətlərinin vəzifəsi ünvanlanan suala çevik, dəqiq cavab verməkdir. Yəni, burada əsas meyar çeviklikdir. Çünki cavabın gecikməsi informasiyaların artıq başqa istiqamətlərdə yayılmasına şərait yaradır. Mətbuat xidmətlərinin rəhbərləri də peşəkar olmalı və sualı özləri cavablandırmaq iqtidarında olmalıdırlar. Bəzən jurnalistlər mətbuat xidmətlərinin zəif fəaliyyətindən haqlı olaraq narazılıq edirlər. Mətbuata cavabdeh şəxs təmsil etdiyi təhsil müəssisəsinin fəaliyyətinə yaxından bələd olmalı və baş vermiş hadisələri də yaxından izləməlidir ki, medianın suallarını cavablandıra bilsin. Təhsil problemləri mediada çox işıqlandırılır. Amma yenə də, təhsil müəssisələrinə cavabdeh şəxslərin iştirakı olmadan. Hesab edirəm ki, təhsil müəssisələrinin rəsmiləri mediadan qaçmamalı, mətbuatla, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olmalı, sosial şəbəkələrdə, onlayn mediada aktiv olmalıdırlar. Niyə hansısa universitetin rektoru media ilə sosial şəbəkə üzərindən dialoqa girməsin? Burada çətin bir iş yoxdur. Sadəcə, aktivlik, həyatın nəbzini tutmaq lazımdır.
Orta təhsil müəssisələrinin də mətbuat xidmətləri olmalıdır
Əməkdar müəllim Almaz Həsrət də mətbuatla təhsil müəssisələri arasında əlaqələrin zəif olduğu fikrindədir:
- Təhsil müəssisələri mediaya daim açıq olmalıdır. Təhsil müəssisələri cəmiyyətin formalaşmasında vacib bir halqadır. Orada formalaşan davranışların cəmiyyətə böyük təsiri var. Bu davranışların cəmiyyətdə hansı təsirlər yaradacağı elmi-metodiki yanaşmadan asılıdır. Burada medianın, kütləvi informasiya vasitələri və sosial şəbəkələrin rolu da danılmazdır. Elə bir dövrdəyik ki, sosial şəbəkələr cəmiyyətin idarəedici qüvvəsinə çevrilib. Əgər cəmiyyətimizin müsbət meyilli inkişafını istəyiriksə, sosial şəbəkələrdən düzgün istifadəni bacarmalıyıq. Hansısa bir məlumatın ötürülməsi anlara bağlıdır. İnformasiya ötürülür, dərhal da ona verilən şərhlərin, yanıtların şahidi oluruq. Bəzən təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə də ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq. Amma baxırsan ki, nə təkzib gəldi, nə təsdiq.
Təhsil müəssisəsi susur. İnformasiya isə baş alıb gedir. Mənim təklifim budur ki, hər bir təhsil müəssisəsinin özünün mətbuat xidməti strukturu yaradılsın və bununla da təhsil müəssisəsinin mətbuata çıxışı təmin edilsin. Söhbət ali təhsil ocaqlarından getmir, çünki onların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri var. Mən orta məktəbləri nəzərdə tuturam. Bu təklif kiməsə qeyri-mümkün, lazımsız görünməsin. İndiyədək hansısa orta məktəb barəsində mediada müxtəlif informasiyaların şahidi olmuşuq. Mediaya cavab verən tapılmayıb. Orta məktəblərlə əlaqə saxlayan jurnalistlərə həmişə məktəb direktorlarının katibələri "cavab verib”. Halbuki bu, qətiyyən katibənin işi olmamalıdır. Katibə məktəb rəhbərliyi ilə ictimaiyyət arasında sadəcə əlaqələndirici ola bilər. Amma sırf mətbuata, mediaya cavabdeh şəxs təyin edilsə, bu, təhsil sistemimizin inkişafına daha çox kömək edər.
Hər məktəbə bir mətbu orqanı
A.Həsrət təklif edir ki, məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin özünün mətbu orqanı olmalıdır:
- Məktəb daxilində mediaya cavabdeh şəxs təyin edilməlidir. Bu şəxs məktəblə bağlı xəbərləri toplasın, ümumiləşdirsin və onların mediada yayılmasını təmin etsin. Deyə bilərlər ki, ölkədə təhsil məsələlərini işıqlandıran media orqanları var. Məsələn, "Azərbaycan müəllimi” qəzeti. Bəli. İnkar etmək olmaz. "Azərbaycan müəllimi” bir əsrdir ki, təhsilimizin problemlərini işıqlandırmaqla məşğuldur və müəllimlərin ən böyük köməkçilərindən, yardımçılarındandır. Amma bu gün qoyulan tamam başqa problemdir; məlumatların çevik yayılması, hadisələrə çevik reaksiyalar. Bugünkü jurnalistikada mənfi yüklü xəbərlərə meyillilik nəzərə alınarsa, söhbətin nədən getdiyi məlum olar. Orta məktəblərdə mətbuat xidmətlərinin qurulması təhsilimizin müsbət istiqamətdə inkişafının təminində böyük rol oynaya bilər. Bu sistem düzgün və nizamlı qurularsa, orta məktəblərdəki həyat olduğu kimi ictimaiyyətə görünəcək. Niyə ictimaiyyət məktəbdə baş vermiş hər hansı hadisə barədə sosial şəbəkə vasitəsilə qonşudan məlumat almalıdır. Hadisə barədə məktəbin özünün vaxt itirmədən dolğun informasiya verməsi əlavə söz-söhbətlərin, şayiələrin yayılmasının qarşısını alacaq. Digər təklifim məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin mətbu orqanlarının fəaliyyət göstərməsidir.
Təhsil sistemi ilə bağlı bu günün mətbuat orqanları kifayət etmir.
O mətbu orqanlar daha çox metodiki kömək xarakteri daşıyır, qanun və sərəncamları gündəmə gətirir. Paytaxtda nəşr olunan hansısa mətbu orqan ölkə ərazisini əhatə etməkdə əlbəttə, çətinlik çəkəcək. Amma hər təhsil ocağının özünün mətbu orqanı olsa, artıq bütün ölkə boyu təhsil müəssisələrini əhatə edəcək. Baxın, bu gün hansısa məktəbdə qazanılan uğurlar, nailiyyətlər, müəllim və ya şagirdlərin uğurları çox vaxt geniş ictimaiyyətə bəlli olmur. Kimin mətbuatda, mediada tanışı, dostu varsa, bir-iki kəlmə yazdırır, bununla da iş bitir. Belə hal uğur qazanmış şagirdlərə, müəllimlərə də mənfi təsir edir. Xüsusən yüksək nəticələr əldə etmiş məktəblilər özləri haqqında müsbət sözlər, müsbət fikirlər deyildiyini, yazıldığını gördükdə daha da ruhlanarlar. Bir şagird digər şagirdin uğurlarından, müəllimlər də müəllim həmkarlarının nailiyyətlərindən xəbər tutar. Üstəlik, digər məktəb kollektivləri ilə sağlam rəqabət mühiti də yaranmış olar.
Beləliklə, mətbu orqan carçı rolunu oynamış olar. Yaxşı olar ki, məktəblərin mətbu orqanları bu xəbərləri tirajlayıb rayon təhsil şöbələrinə, rayon təhsil şöbələri isə öz növbəsində mərkəzi orqana göndərsinlər. Belədə qazanılan uğurlardan daha çox adam xəbər tutacaq. Azərbaycan təhsil sistemində uğurların əldə olunmasında media ilə nizamlı ələqalərin qurulması vacibdir. Bu, təhsil sistemimizin inkişafına kömək edər. Ona görə də təklif edirəm ki, hər bir təhsil müəssisəsinin ictimaiyyətə çıxışını təmin edəcək mətbu orqanı olsun. Orada, birincisi, məktəb daxilində baş verənlər, istər müsbət, istər mənfi hadisələr işıqlandırılsın ki, əsassız informasiyaların yayılmasının qarşısı alınsın, ikincisi də bu mətbu orqan ictimaiyyətlə məktəb arasında körpü, rabitə rolunu oynasın. Niyə biz gərək hansısa yeniliyi kimsə, hansısa ölkə tətbiq etdikdən sonra təcrübədən keçirək?! Olmaz ki, bir dəfə də özümüz ilk addımı ataq?! Məktəblərdə mətbu orqan yaratmaq çətin iş deyil. Peşəkarlar bunu çox gözəl bacarar. Amma biz məktəbdə yaranacaq yeni model mətbu orqanları sovet dövrünün məktəb divar qəzetləri səviyyəsinə endirməməliyik.
A.Həsrət qeyd etdi ki, hazırkı mediada çatışmayan cəhətlərdən biri də ziyalıların təhsil problemləri barədə məqalələrlə çıxış etməməsidir. 19-cu əsrdə biz bütün tamamilə əksini görürük. Dövrün tanınmış ziyalıları, qələm əhli, yazıçılar, dramaturqlar dövri mətbuatda təhsil problemlərini işıqlandıran məqalələri ilə çıxış ediblər.
Məsələn, "Əkinçi” qəzetində dövrün tanınmış ziyalısı, dramaturq Nəcəf bəy Vəzirov şagird-müəllim münasibətlərindən, məktəblərdə keçilən fənlər, dərsliklər barədə məqalələrlə çıxış edirdi. Böyük ədib yazırdı ki, şagirdlərə "Leyli-Məcnun”u, Hafizi əzbərlətməkdənsə, təbiət elmlərinə, dəqiq elmlərə üstünlük verilməlidir. "Ziya” qəzetində də həmişə məktəb və maarif məsələləri geniş müzakirə olunarmış, dövrün ziyalıları fikirlərini bildirərmiş. O ənənələri biz bu gün yenidən dirçəltməliyik.
Sherg.az