Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək
"Ümumtəhsil müəssisələrində işləyən direktor, direktor müavinləri, metodist və yerli təhsil idarəetmə orqanlarının işçilərinin biliklərinin diaqnostik qiymətləndirilməsi keçirilib”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov "Günün Nəbzi” verilişində deyib.
Məktəblərdə müəllimlərlə yanaşı, eyni zamanda rəhbər işçilər, direktor, direktor müavinləri, yerli təhsil idarəetmə orqanlarında işləyən metodistlər, dövlət qulluqçularının da dərs dediklərini xatırladan E.Bağırov bildirib ki, buna görə onlar üçün də diaqnostik qiymətləndirilmə keçirilməsi zərurəti yarandı: " Düşündük ki, əgər dərslərin bir hissəsini bu qəbildən olan işçilər tədris edirsə, onların da ixtisas biliklərinin yoxlanılması lazımdır. Buna görə avqust ayının ortalarında direktor, direktor müavinləri metodistlər və dövlət qulluqçularının da diaqnostik qiymətləndirilməsini apardıq. Nəticələr həmin gün namizədlərin özlərinə bildirildi”.
Qurum rəsmisi deyib ki, qiymətləndirilmənin nəticələrindən asılı olaraq onların məktəbdə dərs aparıb-aparmamaqları ilə bağlı təkliflər hazırlanacaq: "Hələ ki, təhlillər aparılır. Bəllidir ki, kənd məktəblərində bəzi hallarda kadr çatışmazlığı olduğu üçün direktor, direktor müavinlərinə də dərs saatları ayrılır. Onlarda dərs saatları qalacaq, tədrisə davam edəcəklər. Amma şəhərdə, mərkəzi məktəblərdə tədris aparan direktor, direktor müavinlərinin tədrisə davam edib-etməyəcəkləri onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələrdən asılı olacaq”.
E. Bağırov onu da qeyd edib ki, artıq ötən həftə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşıb: "Düşünürəm ki, müsahibədə iştirak edən müəllimliyə namizədlərdən 4 minə yaxınını yerlərə təyin edə biləcəyik. Sentyabr ayının əvvəlində isə boş qalan yerlərə əlavə yerləşdirilmə təşkil ediləcək. Ümumiyyətlə, mərkəzi yerlərdə yerləşən məktəblərə axın daha çoxdur. Bu, məktəbin yerləşdiyi infrastrukturla bağlı olan bir məsələdir. Ancaq onu da deyim ki, artıq kənd məktəblərində də kadr çatışmazlığı aşağı səviyyədədir”.
Qeyd edək ki, 5 minə yaxın müəllim olmaq istəyən namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə buraxılıb.