Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir
Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
Avqustun 21-dən başlayan müsahibə avqustun 26-dək davam edəcək. Bu mərhələnin nəticələri növbəti həftənin əvvəlində açıqlanacaq və hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müsahibə zamanı müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü, bilikləri yoxlanılır. Onun sözlərinə görə, vakant yer tutmaq hüququ qazanan 5225 nəfər bu mərhələyə dəvət olunub: "Bu mərhələdən sonra, sentyabrın əvvəlində əlavə yerləşdirmə mərhələsi keçiriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yerləri seçəcək və vakant yeri tutmaq hüququ qazananlar yenidən müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu il ilk dəfə olaraq 3 fənn - fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimləri üçün müsabiqədə mərhələlərin yeri dəyişdirilib. Onlar ilk olaraq müsahibə mərhələsinə dəvət olunub və oradan uğurla keçənlər vakant yeri seçmək hüququ əldə ediblər. Növbəti mərhələyə keçmək hüququ qazanan 500-600 nəfər üçün vakant yerlərin seçimi mərhələsi başa çatıb. Onların da nəticələri yaxın günlərdə açıqlanacaq və həmin şəxslər sentyabrın 15-də birbaşa təyinat yerlərinə işə gedəcəklər”.