Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683
2016-cı ildə qəbul imtahanlarında ölkə üzrə ən yaxşı nəticəni əldə edən Ordubad rayonunda bu il qəbul faizinin 72 faizdən çox olacağı gözlənilir. Bu il rayon üzrə 41 nəfər abituriyent 500-700 intervalında bal toplayaraq yaxşı nəticə əldə edib.
Yüksək bal toplayanların sayına görə Ordubad şəhər tam orta internat məktəbi öndədir. Ali məktəblərə sənəd verən 17 şagirddən 13-ü keçid balını, 4 nəfəri isə 500-700 intervalında bal toplayıb. Rayonun ümumtəhsil məktəblərini bitirən 259 nəfərdən 203-ü ali məktəblərə qəbul üçün sənəd verib ki, onlardan da 147-i nəfəri keçid balını toplayıb.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbində isə imtahanlarda məktəbin 9 nəfər məzunu 500-700 intervalında bal toplayaraq yaxşı nəticə əldə edib.
Rayonun Kələki, Dırnıs, Kotam,Üstüpü, Nüsnüs,Tivi və digər ucqar kəndlərində də yüksək bal toplayan şagirdlər üstünlük təşkil edir. Kələki kənd tam orta məktəbinin şagirdi Zeynəb Xəlilova 683 bal toplamaqla rayonun ən yüksək bal toplayan abituriyenti kimi müəllimlərin rəğbətini qazanıb.
Rayonun yüksək nəticə göstərən kənd məktəblərindən biri də Xanağa kənd tam orta məktəbidir. Məktəbin məzunu Fərrux Qasımzadə 3-cü ixtisas qrupu üzrə 651 bal toplayaraq orta məktəbi qızıl medalla bitirib.