Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib
Paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün təşkil olunan yay məktəbi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində reallaşdırılan yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.
İyulun 3-dən 31-dək davam edən yay məktəbi zamanı 600-ə yaxın şagird üçün maarifləndirici tədbirlər, xarici dil məşğələləri, intellektual oyunlar, idman yarışları, muzeylərə ekskursiyalar təşkil olunub. Məktəblilər musiqi, rəqs və rəsm dərslərinə qatılıb, filmlər izləyiblər.
Hazırda yay məktəbinə VII-VIII siniflərdə oxuyan 400-dən şagird qatılıb. Onlar üçün avqustun 1-dən 31-dək təlim, seminar, informativ sessiya, əyləncəli oyun və idman yarışlarının təşkil edilməsi nəzərdə tutulur.
"Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
"Məktəblinin dostu” pilot layihəsi çərçivəsində "Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır