Təhsil İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir KEÇİRİLİB
Təhsil İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Noyabrın 7-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Respublikasının Təhsil İnstitutu Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
AzTehsil.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev açaraq əməkdaşları Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışında şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında daim uca tutulduğunu, 8 Noyabr tarixinin isə dövlətimizin və xalqımızın birliyinin rəmzi kimi hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Daha sonra ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov “Azərbaycanın Zəfər tarixi” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda 44 günlük Vətən müharibəsi, Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbənin siyasi və mənəvi əhəmiyyəti kimi mövzulara toxunulub. Ümumilikdə, 760 təhsil işçisi müharibədə iştirak etdiyi, onlardan 20-sinin şəhidlik zirvəsinə ucaldığı qeyd edilib.
Tədbir çərçivəsində ARTİ əməkdaşlarının Zəfər Gününə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı İnstitutun rəhbərliyi və əməkdaşlarına “Zəfər Günü sizdə hansı duyğunu oyadır?” sualı ünvanlanmış və əməkdaşların cavabları interaktiv guşədə əks etdirilmişdir. Gün boyu ARTİ binasında qəhrəmanlıq ruhunu əks etdirən musiqilər səsləndirilmişdir.![]()












