DİM-də hazırlıq kurslarına qeydiyyat aparılır
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat aparılır. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrantlar də iştirak edə bilərlər.
AzTehsil.com xəbər verir ki, DİM-dən bildirilib ki, qeydiyyat prosesi 2026-cı il fevralın 1-dək davam edəcək.
Hazırlıq kurslarında iştirak üçün ödənişin məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az/ internet səhifəsində verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra qeydiyyatdan keçmək lazımdır.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.
Pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin istiqamətdə təhsili davam etdirən magistrantlar üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.![]()











