Tanınmış xanəndə Qarabağda dərs deyir
Tanınmış xanəndə Qarabağda dərs deyir: “Bu universitet Avropanın ali məktəbləri səviyyəsindədir”
Tanınmış xanəndə Qarabağda dərs deyir: “Bu universitet Avropanın ali məktəbləri səviyyəsindədir”
Müğənni Səbinə Ərəbli Xankəndinə köçərək Qarabağ Universitetində dərs deməyə başlayıb.
AzEdu.az bu münasibətlə Səbinə Ərəbli ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Əslən ağdamlı olan Səbinə Ərəbli muğam dərsi üzrə universitetdə təbələlərə dərs keçir.
Müsahibəni təqdim edirik:
- Səbinə xanım, sizi ilk növbədə Qarabağ Universitetinizdə başladığınız yeni fəaliyyətiniz münasibətilə təbrik edirik. Sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.
- Təşəkkür edirəm. Mən Səbinə Ərəbli, 1991-ci ildə Bakıda anadan olmuşam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında bakalavr (2009-2012) və magistratura (2013-2015) pillələrini tamamlamışam. Uşaq yaşlarımdan musiqi və incəsənət sahəsində fəaliyyət göstərirəm. Rəqslə məşğul olmağa isə 4 yaşımda başlamışam.
- Qarabağ Universitetində dərs demək qərarını necə verdiniz? Bu təcrübə sizin üçün nə ifadə edir?
- Mən Qarabağlıyam və uzun illər arzularımdan biri işğaldan azad olunmuş Qarabağda fəaliyyət göstərmək olub. Çox şükür ki, bu arzum gerçəkləşib və indi orada fəaliyyət göstərə bilirəm.
Öz bildiklərimi bacardığım qədər tələbələrə ötürməyə çalışıram. Muğam və mahnı janrı üzrə biliklərimi, təhsilim zamanı əldə etdiklərimi və müəllimlərimin mənə öyrətdiklərini tələbələrimizə çatdırıram.
- Universitetdə tədris proqramınızı nələr əhatə edir?
- Universitetdə əsasən muğam dərslərini tədris edirəm. Tələbələrə muğamı öyrətməklə yanaşı, mahnı janrında həm xalq, həm də bəstəkar mahnılarından dərs keçirəm. Eyni zamanda qaval çalmağı da öyrədirəm. Bizim dərs prosesi demək olar ki, hər gün davam edir və mən hesab edirəm ki, dərslərin bu cür davamlı olması daha məqsədəuyğundur.
- Tələbələrlə ilk təəssüratlarınız necə oldu? Onların maraq və motivasiyaları nə yerdədir?
- Tələbələrimiz çox həvəslidirlər və öyrənməyə can atırlar. Düzdür, dərslərimiz bir qədər çətindir, yəni dərs yükləri bir az çoxdur. Lakin buna baxmayaraq, hamısı öyrənməyə böyük maraq göstərir. Onlar xüsusilə sevinirlər ki, məhz Qarabağda təhsil alırlar.
- Qarabağ Universitetinin yaradılmasını və fəaliyyətə başlamasını ölkəmizin təhsil sistemi baxımından necə qiymətləndirirsiniz?
- Mən bunu çox müsbət qiymətləndirirəm. Kaş bu hadisə daha əvvəl baş verərdi. Universitetin keyfiyyətli tədris proqramları var və onu Avropa ölkələrinin ali məktəbləri ilə müqayisə etmək olar. Ümumilikdə, bu prosesi ölkəmiz üçün böyük uğur hesab edirəm.
- Universitetdə tədris prosesində yaradıcılığa nə dərəcədə yer verirsiniz? Praktik məşğələlər və layihələr varmı?
- Bəli. Universitetimizdə təxminən hər iki həftədən bir açıq dərslər keçirilir. Eyni zamanda tələbələrlə birlikdə solo konsertlər təşkil olunur. Bütün bunlar bizim işimizin ayrılmaz hissəsidir.
- Gənc nəslin musiqiyə və sənətə baxışını necə qiymətləndirirsiniz?
- Düzdür, bəzən yalnız xanəndəlik üzrə təhsil alan ifaçılar sonunda xanəndə kimi fəaliyyət göstərmir. Lakin məhz xanəndə kimi fəaliyyət göstərən tələbələr dərslərə fərqli yanaşır və muğamı daha yaxşı qavrayırlar. Bu, təbii ki, tələbənin öz maraq və səylərindən asılıdır. Kim muğamı sevirsə, ona diqqət və can atır; kim isə mahnı janrını sevirsə, həmin sahədə inkişaf etməyə çalışır.
- Qarabağ kimi simvolik və tarixi bir bölgədə müəllim olmaq sizin üçün hansı mənəvi əhəmiyyətə malikdir?
- İlk növbədə onu deyim ki, bu, çox qürurverici bir hissdir. Mən fəxr edirəm ki, məhz Qarabağ bölgəsində işləməyi seçmişəm. Yenə belə bir imkan təklif olunsaydı, şübhəsiz ki, qəbul edərdim. Bura həm çox hüzurverici bir yerdir, həm də mənim doğma vətənimdir.
-Sizcə, yaradıcı sahələrdə təhsil alan tələbələr üçün ən vacib keyfiyyətlər hansılardır?
- İlk növbədə tələbənin səsi olmalıdır. Daha sonra isə duyumu, həmçinin həvəsləri olmalıdır. Bütün bunların hamsı öyrənmək üçün şərtdir.
Qeyd edək ki, o, iki dəfə "Kainat” uşaq festivalının laureatı olub. "II Qarabağ ağrım mənim - qürurum mənim” festivalının qalibi və ATV telekanalında keçirilən "Xalq ulduzu” televiziya yarışmasının iştirakçılarından biridir. O, həmçinin Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin (2011) və Respublika Muğam Müsabiqəsinin (2012) qalibidir. S.Ərəbli Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini bitirib, hazırda Azərbaycan Televiziya və Radiosunun solistidir.
Övladları hazırda Xankəndidə Nizami
Gəncəvi adına 4 nömrəli orta məktəbdə təhsil alırlar.