Nazir: İstanbulda Azərbaycan məktəbi fəaliyyətə başlayacaq
"Bu təhsil ocağının açılışında iştirak mənim üçün böyük qürur və fəxr mənbəyidir. Bu, yalnız bir məktəbin deyil, əsrlər boyu eyni kökdən gələn, ortaq tarix və mədəniyyətin davamının təzahürüdür. Biz keçmişimizdən dərs alaraq gələcəyimizi qururuq."
AzTehsil.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Türk Anadolu Liseyinin açılış mərasimində səsləndirib.
O vurğulayıb ki, Türkiyə ilə bütün təhsil pillələri üzrə əməkdaşlıq qurulub.
“Əhalinin sıx yaşadığı ərazilərdə belə məktəblərin olması Azərbaycan təhsili üçün əlavə dəyərdir.
Yaxın vaxtlarda İstanbulda da Azərbaycan məktəbinin fəaliyyətə başlaması planlaşdırılır. Bu, bizim üçün ilk olacaq. İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi orada yaşayan soydaşlarımız üçün önəmli rol oynayacaq və xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcək” - nazir vurğulayıb.
Nazir bildirib ki, İstanbulda açılacaq Azərbaycan məktəbi üçün bina ayrılıb.
"Bina azərbaycanlıların sıx yaşadığı bölgədədir. Hazırda məktəb binasında təmir işləri gedir. Məktəbin növbəti tədris ilindən istifadəyə verilməsi planlaşdırılır. Məktəbdə həm azərbaycanlılar, həm də digər şəxslər təhsil alacaq".