Abituriyentlərin tarix fənnindən zəif cavablandırdığı mövzular açıqlanıb
Ötən il abituriyentlərin tarix fənnindən zəif cavablandırdığı mövzular açıqlanıb.
AzTehsil.com xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.
İmtahan nəticələrinin statistik göstəricilər əsasında aparılan təhlili göstərir ki, bir sıra abituriyentlər “Azərbaycan XVIII əsrdə, xanlıqlar”, “Azərbaycan XX əsrin əvvəllərində və Birinci dünya müharibəsi illərində”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan XX əsrin 20 – 80-ci illərində”, “Azərbaycan mədəniyyəti”, “Dünya dövlətləri XIX – XX əsrin əvvəllərində, Birinci dünya müharibəsi” bölmələrinə aid tapşırıqları müəyyən qədər zəif cavablandırıblar.
Bildirilib ki, tarix fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında II – III ixtisas qrupları üzrə istifadə edilmiş tapşırıqlar fənn kurikulumuna görə 5 (“Tarixi zaman”, “Tarixi məkan”, “Dövlət”, “Şəxsiyyət”, “Mədəniyyət”) məzmun xətti üzrə 149 (Azərbaycan tarixindən 88, ümumi tarixdən 61) altstandartın reallaşdırılması ilə bağlı təlim materiallarını əhatə edib.
Hər iki ixtisas qrupu üzrə tapşırıqlar həm Azərbaycan tarixinə, həm də ümumi tarix fənlərinə aid olub.
Tapşırıq bloklarında fənn kurikulumunun təlim nəticələrinə uyğun olaraq tarixi proses və hadisələr arasında səbəb-nəticə, məkan-zaman əlaqələri, tarixi proses və hadisələrin ümumiləşdirilməsi, müqayisəsi, qanunauyğunluqları, izahat, nəzəri biliklərin tətbiqi və təhlili ilə bağlı bilik və bacarıqları yoxlamağa imkan verən tapşırıqlar üstünlük təşkil edib.
Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında tarix fənnindən düşən suallar abituriyentləri çətinə salıb. Tarix müəllimləri, abituriyentlər, valideynlər bu durumdan narazılıqlarını dilə gətiriblər.