"Təhsil Haqqında” qanuna edilən dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişiklik haqqında məlumat verən Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, dəyişikliklərin əsas məqsədi ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkilidir. Beləliklə, həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən tədrisin təşkili təmin olunacaq. Hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Eyni zamanda, hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən gənclərin axınının qarşısı alınacaq.
Qeyd edək ki, bu dəyişikliyə cəmiyyətin mövqeyi birmənalı olmadı. Bəzi təhsil ekspertləri imtahan keçmədən ali məktəblərə qəbulu ağlasığmaz hesab etsə də, digərləri yeni dəyişikliyin ölkəmizdə ali təhsilli vətəndaşların sayının artması ilə nəticələnəcəyini deyib.
Sözügedən dəyişiklikləri şərh edən millət vəkili Asim Mollazadə deyib ki, yeni qanuna əsasən universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu da qeyd edib:
"Hazırlıq kurslarını bitirən uşaqlar tədrisin sonunda müvafiq icra hakimiyyəti orqanları tərəfindən keçirilən imtahanlarda müvəffəqqiyyət toplayacaqları halda ali məktəblərə qəbul olunacaqlar”. Belə bir təcrübənin dünyada mövcud olduğunu vurğulayan millət vəkili deyib ki, bir sıra ali məktəblərin öz kursları olur və biliklərində boşluq olan şagirdlər öz biliklərini təkmilləşdirmək üçün bu cür hazırlıq kurslarından faydalanırlar. İndiki halda isə bu dəyişiklik Azərbaycanda imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır.
A.Mollazadə eyni zamanda müvafiq icra hakimiyyəti dedikdə Təhsil Nazirliyi və yaxud da tələbə qəbulunu həyata keçirən qurumlar nəzərdə tutulur. Sadəcə, bu məsələ qanunda bir o qədər aydın yazılmadığı üçün insanlarda çaşqınlıq yaradır.
Sözügedən müzakirələrdən xəbərdar olduğunu vurğulayan professor Şahlar Əsgərov "Təhsil haqqında” qanuna edilən dəyişikliyin effektli olacağını düşünür.
İmtahansız qəbul prosesini müdafiə edən sabiq deputat deyib ki, bu dəyişiklikdən sonra Azərbaycanda ali təhsilli gənclərin sayı artacaq: "İndiki dövrdə gənclərin ali təhsillə əhatə olunması əsas meyarlardan biridir. Hər 100 gəncin neçəsi ali məktəb bitirib, bax suala cavab çox önəmlidir. Azərbaycanda bu göstərici çox azdır. 100 gəncin cəmisi 15-16-sı universitetə qəbul olur. Avropada isə bu göstərici kifayət qədər yüksəkdir. Cənubi Koreyada 100 gəncin 95-i ali təhsil alır. Bu nöqteyi-nəzərdən Azərbaycanda gənclərin ali məktəblərə qəbul imkanlarının artırılması təqdirəlayiqdir. Əgər 10 il bundan əvvəl ali məktəblərə 24 min nəfər qəbul olurdusa, indi bu rəqəm 40 minə çatıb, bu dəyişiklik əsasında bir qədər də artacaq”.
"Təhsil haqqında” qanuna edilən dəyişikliyi əhəmiyyətli sayan Ş.Əsgərova görə, bunun zərərli bir tərəfi yoxdur. Dediyinə görə, amma bunun tətbiqi üçün lazımi infrastruktur olmalıdır. Ən azı auditoriya, müəllimlər, metodik vəsaitlər, proqramlar lazımdır, böyük işlər görülməlidir. Hər halda, təhsil üçün görülən iş alqışlanmalıdır”.
Ş.Əsgərov qeyd edib ki, universitetdaxili imtahanla qəbul gənclərin təhsil dalınca xaricə axınının qarşısını tam almasa da, müəyyən qədər ala bilər:
"Gənclər təhsil almaq üçün xaricə ona görə üz tutmurlar ki, ora xaricdir. Xaricə axın ona görə var ki, orada təhsilin keyfiyyəti yüksəkdir. Universitetdaxili kurslar sayəsində xaricə getməyin qarşısının alınması düşünülürsə, birincisi, təhsilin keyfiyyəti qaldırılmalıdır”.
Azərbaycanın orta təhsil sisteminin Avropa ölkələrinin təhsil sistemindən fərqli olduğunu vurğulayan təhsil eksperti Etibar Əliyev isə deyib ki, dünyanın əksər ölkələrində 12 illik orta məktəb sistemi oturuşub:
"Ölkə başçısı tərəfindən imzalanmış Təhsilin İnkişafı üzrə strategiyada 12 illik təhsil və yuxarı siniflərdə təhsilin təmayülləşməsi nəzərdə tutulsa da, praktikada bu sistemə keçilməyib. Bizim orta məktəblər 12 illik təhsil sisteminə keçmədiyinə görə, yuxarı siniflərdə də təmayülləşmə hiss olunur. Düzdür, Azərbaycanın tələbə qəbulu sistemi də digər ölkələrdən fərqlidir, ancaq etiraf etməliyik ki, bu sahədə vəziyyətimiz qənaətbəxşdir. Keçirilən sosioloji sorğular da Azərbaycanda tələbə qəbulu sahəsində şəffaflığın və obyektivliyin təmin olunduğunu sübut edir. Əhalinin böyük əksəriyyəti ali məktəblərə qəbulun indiki formasından məmnundur. Qəbul sahəsində aparılan təkmilləşdirmə orta məktəb proqramlarında bir sıra müsbətyönlü dəyişikliklərin aparılmasına rəvac verib”.
E.Əliyevin sözlərinə görə, "Təhsil haqqında” qanuna edilən dəyişiklikləri Milli Məclisin müvafiq Komissiyası ölkədən xaricə tələbə axınının artması və ali məktəblərin gəlirlərinin az olması ilə əlaqələndirirlər:
"Ancaq ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil olunması üçün bunlar əsas götürülə bilməz. Axı ali məktəblər sadəcə tələbə vəsaitləri hesabına fəaliyyət göstərmir. Onlar müxtəlif qrant layihələrində iştirak edir, "start-up”ları olur. Eyni zamanda həmin universitetlərin məzunları da bu və ya digər formada dəstək olur. Bütün bunlar isə təhsilin keyfiyyətinə təsir göstərir. Tələbələrdən toplanan vəsaitlər isə müəllimlərin əmək haqlarına sərf olunur. Bu nöqteyi-nəzərdən mən bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması üçün müvafiq şərtlərin qoyulmasının tərəfdarıyam. Kəmiyyət göstəriciləri keyfiyyətin önünə keçməməlidir. Əhalinin sayı ilə müqayisədə Azərbaycanda tələbələrin sayının az olması bizə əsas vermir ki, keyfiyyətsiz mütəxəssis hazırlığı həyata keçirək. Yaxşı olar ki, hazırlıq qruplarına qəbul olan gənclər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edən və keçid balına çox yaxın nəticə göstərən abituriyentlər arasından seçilsin. 50-60 bal toplayacaq səviyyədə olan uşaqların hazırlıq qruplarında iştirak etməsi və oradan da birbaşa ali məktəblərə qəbul olunması keyfiyyətsiz mütəxəssis hazırlanması üçün yeni mərhələnin yaranmasına səbəb olacaq. Sistem elə qurulmalıdır ki, hazırlıq mərhələsində iştirak edən tələbələrin bilik səviyyəsi təxminən DİM-in imtahanlarında 400 bal toplaya bilən abituriyentlərin bilik səviyyəsinə uyğun gəlməlidir”
Digər təhsil eksperti Nadir İsrafilov isə deyib ki, orta məktəblərin nəzdində məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərirsə, universitetlərdə də bakalavriat səviyyəsinə hazırlıq kurslarının fəaliyyət göstərməsində heç bir qəbahət yoxdur:
"Onsuz da əksər valideynlər ali məktəblərə hazırlıq məqsədilə müxtəlif kurslara, repetitor xidmətlərinə müraciət edir”. Bilavasitə universitetin nəzdində hazırlıq kurslarının təşkil olunmasının ən optimal variant olduğunu qeyd edən ekspertin sözlərinə görə, bunun bir müsbət tərəfi ondan ibarət olacaq ki, məzun vaxtından səmərəli istifadə edəcək: "Ali məktəbə qəbul olmadıqda, universitet daxilində kursa gedərək həm də özünə məşğuliyyət tapacaq. İkincisi, əvvəlcədən universitet mühitinə alışacaq. Həmçinin də universitetin maddi məsələləri həll olunacaq”.
Kursları bitirənlərin birbaşa imtahansız qəbul olunmasına gəlincə isə İsrafilov bildirib ki, kursda oxuyanların hamısının universitetə qəbul olunması yaxşı qarşılanmaz:
"İmtahansız ali təhsil müəssisələrinə qəbul müsbət nəticə verə bilməz”. Universitetdaxili qəbul imtahanlarının keçirilməsi qaydalarının vacibliyini vurğulayan N.İsrafilov deyib ki, imtahanların test və ya şifahi, yazılı formada olması dəqiqləşdirilməlidir: "Ödənişli kursların açılmasını alqışlayıram, amma bunun işlək mexanizmləri olmadan effektindən danışmaq olmaz. Universitetdaxili qəbul imtahanı həyata keçirilərsə, bunun bütün detalları nəzərə alınaraq optimal model qəbul olunmalıdır”.
sherg.az