“Son zəng” qadağasına ETİRAZ
“Son zəng” qadağasına ETİRAZ: “Onlara bu xatirəni çox görmək haqsızlıqdır.”
Son zəng tədbirlərində şagirdlərin məktəbli formasında iştirak etməsi ilə bağlı səslənən fikirlər son günlər təhsil gündəminin əsas müzakirə mövzularındandır. Məsələ bir çoxları tərəfindən həm müdafiə, həm də tənqid olunur.
AzTehsil.com xəbər verir ki, AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli isə bu çağırışa etiraz edənlər sırasındadır.M.Məmmədli qeyd edib ki, “Son zəng” tədbirinə sərt qadağalar tətbiq etmək yersizdir:
“Məktəblərə müxtəlif protokollar göndərilir. Orada geyim qaydalarından tutmuş, davranış normalarına, hətta məzun tədbirlərində hansı rəqslərin olub-olmamasına qədər qeydlər yer alır. Açığı, bu qədər qadağanın əleyhinəyəm.
“Son zəng” kimi həyatında yalnız bir dəfə baş verən hadisəyə bu cür sərt yanaşma düzgün deyil. İndiyə qədər necə keçirilibsə, elə də davam edə bilərdi. Amma indi ya tam qadağan etmək, ya da ciddi şəkildə məhdudlaşdırmaq istəyirlər. Halbuki burada sadəcə valideyn, müəllim, şagird bir araya gəlir, şənlik olurdu. Nə vardı ki bunda?”.
Jurnalist söyləyib ki, bu tədbirlər üçün məktəblərin ayrıca büdcəsi yoxdur və hər sinif öz daxili imkanları hesabına bu günü qeyd edir:
“Bu, sadəcə əyləncə deyil, həm də şagirdlərin orta təhsilə vida mərasimidir. Onlara bu xatirəni çox görmək haqsızlıqdır. Tədbirin mütləq şəkildə dəbdəbəli olması vacib deyil, lakin gənclər üçün yaddaqalan, dəyərli bir gündə həyata keçməsi təmin olunmalıdır. Gənclərin üzərinə bu qədər getmək, hər şeyə məhdudiyyət qoymaqla nəyə nail olmaq istəyirlər, doğrudan da, sual doğurur”.