Müəllimlərin sertifikasiyası imtahanında suallar çətin olacaq?
“Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin məzmun hissəsi ilə bağlı hər il prosesdən öncə bağlı qiymətləndirmə çərçivəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən yayımlanır”.
Bu barədə "Təhsil TV"yə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
AzTehsil.com xəbər verir ki, onun sözlərinə görə, bu çərçivə məhz müəllimlərin tədris etməli olduqları istiqamətə əsaslanır:
“Burada sualların çətinliyi ilə bağlı məsələlər müxtəlif müddətlərdə müzakirə olunub. Amma prosesdən sonra müəllimlərdən aldığımız rəylər və qiymətləndirmə nəticələrinin təhlili də suallar əsasən müəllimlərin cavablandıra biləcəyi suallardır. Boş-boşuna deyil ki, bu prosesi 85% müəllim tamamlaya bilib”.
Nurlan İsmayılbəyli qeyd edib ki, sertifikatlaşma prosesinə ilk dəfə cəlb olunacaq müəllimlər üçün də paytaxtda və regionlarda görüşlər təşkil edilir: “Eyni zamanda yerli təhsil sektorları tərəfindən də bu tip görüşlər keçirilir və müəllimlər bu istiqamətdə mütləq məlumatlandırılırlar. Ümumiyyətlə qiymətləndirmənin bir əsas mahiyyəti də ondan ibarətdir ki, burada nəticələrə müvafiq olaraq əmək haqqı artımları var. Burada prosesi ik mərhələdə uğurla tamamlaya bilməmiş, uğurla keçmiş və daha yüksək nəticə əldə etmiş kateqoriyalarda olan müəllimlər var. Bu müəllimləri bir-birindən fərqləndirmək üçün müəyyən sayda suallar olur ki, nisbətən ağırlıq dərəcəsi digər suallardan fərqli olur. Bunun da məqsədi bu fərqi daha bariz görməkdir. Qiymətləndirmənin məqsədi prosesə cəlb edilən şəxsləri bir-birindən fərqləndirməkdir. Bunun üçün də bu sualların olması olduqca normaldır. Amma bu çox ciddi problem, aşılmaz sədd deyil”.