“Qurunun oduna, yaş da yanır”
Son vaxtlar sosial şəbəkələrdə yayılan səs yazıları, bəzi məktəb direktorlarının qeyri-etik davranışları Elm və Təhsil Nazirliyinin xeyli müddətdir ki, məktəblərdə rüşvətə və qeyri-qanuni pul yığımlarına qarşı apardığı məqsədyönlü işlərə kölgə salır. Bu kimi hallar qəbuledilməzdir. Hamı kimi məni də dərindən məyus edir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 5-10 nəfər məktəb direktorunun sosial şəbəkələrdə sürətlə yayılan səs yazıları cəmiyyətimizdə digər məktəb rəhbərlərinin fəaliyyətini də şübhə altında qoyur. El dili ilə desək “qurunun oduna yaş da yanır”.
Nəzərə alaq ki, ölkəmizdə 4500-dən çox orta ümumitəhsil məktəbi var. Bu məktəblərə rəhbərlik edənlər arasında çoxlu sayda vicdanlı, peşəkar və bacarıqlı məktəb rəhbərləri var. Mən əminliklə deyə bilərəm ki, bugün peşəkar, bacarıqlı direktorların sayı, bu vəzifəyə layiq olmayanların sayı ilə müqaisə edilməyəcək qədər çoxdur. Onu da xüsusilə xatırlatmaq istəyirəm ki, yaxın keçmişdə rüşvətə əli bulaşmayan direktorların sayı barmaqla sayılacaq qədər idi. Bu istiqamətdə xeyli işlərin görüldüyü, şəffaf və obyektiv idarəetmə sisteminin qurulması prioritet hesab olunur. Bu istiqamətdə gürülən işlər zamanla öz bəhrəsini verir. Lakin nəzərə almaq lazımdır ki, bunun üçün də müəyyən vaxta ehtiyac var.
Məktəb direktorlarından söz düşmüşkən bir məsələni də xüsusilə, qeyd etmək istəyirəm ki, təxminən 7-8 il bundan öncə ölkəmizdə məktəb rəhbərləri xüsusi olaraq hazırlanırdı. Bu təcrübə özünü çox doğrultdu. Təxminən bir il təlim keçən məktəb rəhbərliyinə namizədlərə “Uğur” sertifikatı təqdim olundu. Bugün həmin direktorlar öz fəaliyyətləri ilə diğər həmkarlarından seçilirlər. Amma təəssüf ki, bu proses sonralar davam etmədi. Düşünürəm ki, əvvəlki illərin təcrübəsindən istifadə edərək məktəb direktorları xüsusi olaraq hazırlansa daha effektiv olar. Bunun üçün xüsusi proqramların hazırlanmasına da ehtiyac olduğunu qeyd etmək istərdim. Məktəb rəhbərlərinin keyfiyyətli yetişməsi üçün həm fərdi inkişaf, həm də sistemli dəstək mühüm rol oynayır.
Niyazi ŞƏRİFSOY