Bu il 100 bağçada yoxlamalar aparılacaq
"Bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib".
Bunu "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu", "Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul" ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Agentliyin direktor müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, məqsəd məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir:
"2024-cü il ərzində 3500 nəfər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. 2023-cü ildə 50 bağçada keyfiyyət əsaslı monitorinq aparılıb. Bu il daha 100 bağçada yoxlamalar baş tutacaq. Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb. Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır", - deyə Orxan Abbasov qeyd edib.