Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün test imtahanına başlanılır
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibələr davam edir və ilkin test imtahanı mərhələsinə başlanılır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında və regional bölmələrində təşkil olunur.
Qeydiyyatdan keçmiş 3909 namizəddən 2896 nəfəri müsahibədə iştirak edib və onlardan 1228-i növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsahibədə məqbul alan namizədlər ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanına növbəli şəkildə dəvət edilirlər. Müəyyən olunmuş qrafikə uyğun olaraq bu günə qədər test imtahanına 812 namizəd dəvət edilib.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan bir saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyinə, sözlə ifadə olunmuş məlumatı müqayisə etməyə və ümumiləşdirməyə, vizual məlumatı təhlil etməyə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40 faiz nəticə göstərən namizədlərin təlimlərdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir.
Müsahibələr və digər mərhələlərlə bağlı suallar yaranarsa, [email protected] ünvanına, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yazmaq və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları DİM-in saytında yerləşdirilib.