Ballar enib! - təhsilin keyfiyyəti dəyişib, yoxsa mahiyyəti...? - Əzbərçilik!
"Uşaqlarımızı anlama, qavrama qabiliyyətlərinə görə deyil, suala əzbərlədiyi cavabı tapdığına görə qiymətləndiririk".
Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov şagirdlərin əzbərçiliyi haqqında danışarkən deyib.
Ekspert bildirib ki, təhsilin keyfiyyəti aşağı düşməyib:
"Son günlər yazılı və elektron mediada ali təhsil müəssislərinə qəbulda keçid ballarının aşağı salınması geniş müzakirələrə yol açıb. Bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirənlər, “Keçid balının aşağı salınması təhsilimizin gələcəyi üçün nə vəd edir?” kimi sual qoyanlar, “Gənclər təhsil almaq üçün digər ölkələrə üz tutacaq, müəllimlərimiz isə işsiz qalacaqlar” kimi qənaətə gələnlər, hətta, “Keçid ballarının aşağı düşməsi problemlər yarada bilər.”, “Qəbul formatı dəyişməlidir” kimi çağırışlar edənlər də var.
Bütün fərqli fikir və mülahizələrə hörmətlə yanaşsam belə, hesab edirəm ki, təhsilin keyfiyyəti aşağı düşməyib, keyfiyyətin mahiyəti, qiymətləndirmənin dəyəri dəyişib. Çünki təhsilin keyfiyyəti nə bir ilə, nə də 2-3 ilə nə qalxa, nə də aşağı düşə bilər. Bunun üçün radikal dəyişikliklər və bir neçə onilliklər tələb olunur. Hələ ki, təhsilin keyfiyyətinin 700 ballıq şkala ilə ölçülməsini nəzərə alsaq, 2007-ci ildən üzü bu yana demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektininə çevrilir. Kiçik bir xatırlatma yerinə düşər ki, 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ilk dəfə 700 bal 2007-ci ildə yəni, 15 ildən sonra maksimal bal toplanıb. Onların da sayı cəmi 3 nəfər olub.
Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı ya 50 nəfər olar, ya da olmaz. Belə ki, əgər səhv etmirəmsə, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9..., 2020-ci ildə 2 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Ən yüksək göstəricilər 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər olmaqla bu 2 ildə əldə olunub. 2021-ci ildə keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib. Bu məntiqlə yanaşsaq, 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər 700 balliq tələbəmiz olmaqla həmin illər təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, son 2 ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayır!?
Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?"
N.İsrafilovun fikrincə, hazırda ölkəmizdə tətbiq edilən şagirdlərin biliklərinin qiymətləndirmə üsulları obyektivliyi təmin etmir:
"Bu günün özündə də belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Bununla belə, tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmamaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olub ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və bu günün özündə də müşayət olunmaqdadır.
Nə yazıq ki, müəyyən bir müddət kəsiyində uzun illərdən bəri oturuşmuş təhsil sisteminin ən yaxşı ənənələrini unutduq, yenilikçilik həvəsilə ciddi səylər və böyük zəhmət hesabına əldə etdiklərimizə biganəlik göstərdik və nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz iz buraxıb".
Ekspert getdikcə elmi-texnıki tərəqqinin əsirinə çevrililməkdə olduğumuzu da vurğulayıb:
"Əvvələr bilik əldə etmək üçün kitab, qazet, jurnallar var idi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr var. Əvvəllər insani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həll olunardı. İndi virtual, vizual, verbal vasitələr reallığa çevrilib. "Skype" telefon zəngini sıxışdırır, danışıq SMS-lə, münasibətlər Feysbukla, "vinetkalar" instaqramla, sevgi, məhəbbət “Odnoklassnik”lə, imtahan kompüterlə, kağız dərsliklər elektron daşıyıcılar, planşetlərlə əvəzlənıb.
Bir sözlə, getdikcə elmi-texnıki tərəqqinin əsirinə çevrilməkdə davam edirik. Nə demək olar, zəmanə dəyişib, qloballaşma dövrünü yaşadığımızdan qloballaşa-qloballaşa yolumuza davam edirik. Bununla belə nəzərə almırıq ki, zamanın cilovu da insan övladının əlindədir. Bir sözlə, uşaqlarımızı anlama, qavrama qabiliyyətlərinə görə deyil, suala əzbərlədiyi cavabı tapdığına görə qiymətləndiririk. Heç də əbəs yerə deyil k, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxunub: "Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir"
Göründüyü kimi, təhsilimizdə ilk növbədə dəyişməyə ehtiyacı olan amil uşaqlarımızı əzbərçilik meyillərindən çəkindirib, onların anlama və qavrama qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır".