173 saylı məktəbdə təhsil alan uşaqların valideynləri məktəbin bağlanmasına etiraz edir – VİDEO
Yasamalda yerləşən Nəsrəddin Tusi adına 173 saylı məktəbdə təhsil alan uşaqların valideynləri deyir ki, tədris ilinin başlamasına bir neçə gün qalsa da, məlum məsələ ilə bağlı onlara məktəb rəhbərliyi tərəfindən məlumat verilmir.
Məktəbin taleyindən ən çox gileylənənlərdən biri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Vüqar Nəcəfovun atasıdır. Belə ki, sözügedən təhsil ocağında şəhidin barilyefi ucaldılmışdı. Dərs ilinin başlamasına sayılı günlər qaldığından şagirdlər də olduqca narahatdırlar. Məsələ ilə bağlı əvvəlcə hazırda məzuniyyətdə olduğu deyilən məktəb direktoru Ləman Hacıyeva ilə əlaqə saxlamağa çalışdıq. Telefonu üzümüzə qapadan hörmətli Ləman Hacıyeva, məgər ölkə mətbuatını Elm və Təhsil Nazirliyi idarə edir ki, sualı da ordan gözləyirsiniz? Direktorun uyğun dildə danışa bilmədiyini görüb, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Bundan sonra Ləman Hacıyevanın özü deyil, müavini danışdı. Onun sözlərinə görə, yuxarı sinif şagirdləri hələ ki, köçürülməyəcək. Bəs aqibətləri necə olacaq? Təəssüf ki, bu sualımıza heç kimdən konkret cavab ala bilmədik.