Özəl bağçalarda fantastik qiymətlər: “Sanki uşaqlara Eynşteyn dərs keçir” - ARAŞDIRMA
Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır.
Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşılarında iki əsas seçim olur: dövlət və özəl müəssisələr.
Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmır. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar.
Bakupost.az Bakıda yerləşən özəl bağçalarda qiymətlərlə bağlı araşdırma aparıb.
Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə dörd və ya beş dəfə qidalanma olur, dil qrupları fəaliyyət göstərir, əyləncəli və öyrədici oyunlar təşkil olunur, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırma göstərib ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır.
Məsələn, özəl uşaq bağçalardan birində Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır. Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır.
Nəsimi rayonundakı bir özəl uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu saat 8:00-dan 13:00-a kimi fəaliyyət göstərir. Rus dili bölməsinin aylıq ödənişi 750, ingilis dili bölməsinin isə 800 manatdır.
Nərimanov rayonundakı özəl uşaq bağçalarının birində də həftədə beş gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İngilis dili bölməsi isə 750 manatdır. Bağçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir.
Yasamal rayonundakı özəl bağçada rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır. Eyni rayonda yerləşən başqa özəl müəssisədə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır. M.Seyidov küçəsindəki bağçada bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir.
Xətai rayonundakı özəl uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsi üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub.
9-cu mkr-da yerləşən özəl uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır.
Yeni Yasamaldakı özəl müəssisədə gündə beş dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Saat 8:00-dan 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi, saat 13-ə kimi 200 manat, saat 15-ə qədər isə 250 manat ödəniş təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur.
Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə, ölkədə 1 825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir.
Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə xidmətlərlə izah edirlər:
“Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüququ sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər”.
E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər:
“Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqı 1 000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır”.
Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir:
“Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarında körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir”.