Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
Yaponiyada aparılan araşdırmalar göstərib ki, yatmazdan əvvəl diş fırçalamamaq ürək xəstəliyi riskini artırır.
"News Medical" jurnalının xəbərinə görə, diş fırçalama tezliyi ilə ürək xəstəliyi riski arasındakı əlaqənin diqqətdə saxlanıldığı araşdırmanın nəticələri dərc edilib.
Araşdırma çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələr arasından 1675 xəstə seçilib.
İştirakçılar dişlərini gündə iki dəfə səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar və ümumiyyətlə dişlərini fırçalamayanlar olaraq dörd qrupa ayrılıb.
Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə keçmişini də nəzərə alıblar.
Bundan əlavə, iştirakçıların sağlamlıq qeydləri dörd müstəqil tədqiqatçı tərəfindən retrospektiv olaraq nəzərdən keçirilib.
Tədqiqat ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahi əməliyyat tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib.
Dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma (təxmin edilən) nisbətləri ümumiyyətlə fırçalamayanlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub.
Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi olduğunu və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya qoyub.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.