NADİR İSRAFİLOV -Rus bölməsinə axının səbəblərindən biri ...
Hazırda valideynlər övladlarının rus bölməsində təhsil alması üçün yer tapa bilmirlər. Rus dilində tədrisə yenidən marağın artması nəticəsində böyük şəhərlərdə, xüsusilə Bakı və Sumqayıt şəhərlərinin məktəblərində sıxlıq müşahidə edilir. Statistika da göstərir ki, rus bölməsinə maraq artıb.
Qeyd edək ki, ali məktəblərə qəbul zamanı Azərbaycan bölməsindən fərqli olaraq rus bölməsi üzrə qəbul balı daha aşağı olur. Bu baxımdan, orta məktəblərdə rus bölməsinə marağın səbəbi ali məktəbə qəbul balının daha aşağı olmasından qaynaqlana bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov Redaktor.az-a danışıb.
Ekspert söylədi ki, rus bölməsinə axının səbəblərindən biri işə götürənlərin iş üçün müraciət edənlərdən rus dilini bilməsini əsas şərt kimi tələb etməsidir:
“Bu dilə meyillilikdə bir səbəb də rus dilində oxuyanın gələcəkdə bu dilin onun quracağı karyerasında köməyinin olacağını düşünməsidir. Bir sıra insanların rusdilli olması ilə özlərini elit və kübar göstərmək istəyi də bu səbəblərdən biridir. Lakin, problem heç də yaranmış vəziyyətə fərqli yanaşmalarla bitmir. Təbii prosesin süni yollarla qarşısının alınması və rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz və vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilməz. Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin məhdudluğundadır”.
N.İsrafilov qeyd etdi ki, Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir:
“Ancaq, xarici dillərdən birini və hətta bir neçəsini bilmək də dövrün əsas tələbidir. Peşəkar rusdilli müəllimlərin çatışmazlığı və yaxud təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?”
Ekspertin sözlərinə görə, 1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsinə maraq bir neçə dəfə artıb.
“Lakin niyə artıb? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır, bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə bir çox şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bu məsələdə hər iki dilə münasibəti optimallaşdırmaq üçün rusdilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır. Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Rus dilində təlim və tərbiyənin yüksək səviyyədə olması barədə əvvəlki düşüncələr də artıq mifə çevrilib. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı və optimal variant tətbiq olunmalıdır. Təhsil qanununvericiliyimizdə də nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. İstənilən halda ana dilimizin mükəmməlliyini qoruyub saxlamalı və xarici dillərdən heç birini heç bir halda doğma dilimizi üstələməyinə yol verməməliyik”, - deyə N.İsrafilov vurğuladı.