“O vaxt Misir Mərdanov özü Naxçıvana gələrək Vasif Talıbova diplom təqdim etdi” – Yeni iddia
“Vasif Talıbov mən rektor olduğum vaxtda diplom almayıb, mən onda təhsil naziri işləyirdim. Məzuna rektorun yox, ali məktəbin diplomu verilir. O, rektorun diplomu deyil ki, rektor versin. Diplomda yazılır ki, filankəs filan vaxt ali məktəbə daxil olub, filan vaxt bitirib və diploma layiq görülüb. O diplomu kimin verməsinin işin məzmununa dəxli yoxdur. Söhbətdir edirlər də, nə deyəsən?”
Bu sözləri cəbhə.info-ya açıqlamasında sabiq Təhsil Naziri Misir Mərdanov deyib.
Keçmiş nazir universitet rəhbərinin hansı diplomun saxta olub- olmaması haqqında biliyə malik olmadığını qeyd edib.
Xatırladaq ki, “Yeni Sabah” bu gün səhər saatlarında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Misir Mərdanovun BDU rektoru olduğu dövrdə hüquq fakültəsindən saxta diplom aldığına dair məlumat yayıb.
Buna səbəb kimi M. Mərdanovun 1998-ci ilin mart ayına kimi BDU rektoru olduğu göstərilib. V.Talıbovun Naxçıvanda yüksək vəzifə tutmasına rəğmən BDU-da “oxuduğu” illər həmin dövrə təsadüf edir. Amma Mərdanov rektor olduğu dövrdə Talıbovun onun “tələbəsi” olub-olmaması haqda heç nə demir. Sadəcə V. Talıbovun diplom aldığı vaxt nazir olduğunu vurğulamaqla ona verilən sualı cavablandırıb. Təbii ki, Talıbov diplomu Mərdanov nazir təyin olunandan cəmi 3 ay sonra alıb.
Bununla bağlı saytımızı məlumatlandıran şəxs iddia isə edir ki, Vasif Talıbov 1998-ci ilin yayında BDU-dan məzun olarkən özünə əziyyət verərək ali məktəbdən diplomu götürməyə belə gəlməyib. Onun hüquq fakültəsinin məzunu olduğunu təsdiq edən diploma o vaxtkı Təhsil Naziri Misir Mərdanov özü ilə Naxçıvana apararaq şəxsən Vasif Talıbova təqdim edib.