Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov
Əvvəllər vəzifəyə yeni təyinat alan məmurun fəaliyyəti ilk 100 gündən sonra dəyərləndirilirdi. Sonuncu təhsil nazirin fəaliyyətə başlamasının 30 ayı bitir, 1000-ci günə bir şey qalmayıb. 100 günə bir söz demək çətin idi, çünki, bu sahədəki durum hamıya bəlli idi, onu 100 gündə dəyişmək mümkün deyildi. Amma 30 ay az vaxt deyil, bu müddətdə əldə olan nəticələr haqda danışmaq mümkündür. Baxaq görək bu 30 ay müstəqil təhsil sistemimizin 30 illik tarixi rakursunda necə görünür?
İnkişafa oxşar nələrsə baş verdimi? Kurs düzdürmü?
Bu gün Azərbaycan cəmiyyətində hamının həmrəy olduğu çox az sayda fikirlər var. Bunlardan biri də milli təhsilimizin çox ağır durumda olması barədə düşüncədir. Ölkə əhalisinin bütün təbəqələri təhsilin durumundan narazıdır. Çünki, hamı bundan ziyan çəkir. Təhsil sistemində illər ərzində gedən proseslərin müşahidəsi göstərir ki, nazirlik səmərəli islahatlar apara bilmədi, islahat adıyla olan dəyişikliklər, sanki, orta səviyyəli təhsili daha bərbad təhsillə əvəzlənməyə yönəlib.
DİM-in son 10 ildə verdiyi statistik nəticələrin dinamikası bunu əyani göstərir: 70% məzun 150 balldan az toplayıb. Bu biabrçılıq illərlə davam edir, ilbəil də pisləşir. Buraxılış və qəbul imtahanlarında tez-tez müxtəlif eksperimental yeniliklər etmək, nəticələrlə manipulyasiya etmək cəhdləri də hiss edilirdi. Amma etiraf edək ki, təhsil ilbəil çökür, proses artıq qarşısıalınmaz bir hala gəlmişdir və ictimaiyyət bundan çox narahatdır. Real vəziyyəti bilmək üçün mətbuata və sosial şəbəkələrə nəzər salmaq kifayətdir. İslahatların səriştəsizlikdən belə nəticələnməsini artıq hamıya aydındır.
ETN bu uğursuzluqları ətraflı təhlil etmək və səhvləri üzə çıxarmaq əvəzinə, daim kimlərisə günahkar çıxarmaq, diqqəti real vəziyyətdən yayındırmaq barədə düşünür. Son illər bu sahədəki bütün uğursuzluqları müəllimlərin üzərinə atmaq, diqqəti özündən kənara yönəltmək cəhdləri aydın sezilir. Gənc menecerlər bilmirlər ki, müəllim yoxsa, təhsil də yoxdur? Onlar bu sahənin proletariatıdırlar.
Təhsil çoxsaylı elementlərdən ibarət mürəkkəb və dinamik sistemdir. Müəllim bu sistemdə bir elementdir. Bu elementi də sistem özü yaradıb, onlar başqa planetdə universitet təhsili almayıblar. Təhsildə digər daha mühüm elementlər də var. Amma heç kim başqa elementlərdən heç nə danışmır?
Bu yaxında MM-də olan ictimai dinləmələrdən məlum oldu ki, təhsildəki problemlər millət vəkillərini də çox narahat edir. Onlar əvvəllər də öz müsahibələrində dəfələrlə bu məsələyə toxunub, tənqidi fikirlərini bildiriblər. İctimai dinləmələrdən məlum oldu ki, müəllimlərlə əlaqədar sertifikasiya prosesləri ETN tərəfindən ciddi bir nailiyyət kimi təqdim edilir (deməyə başqa söz var ki?) və sertifikasiya prosesləri hələ illərlə davam edəcək. Bu sahədə ajiotaj yaratmaq, öz "islahat"larına bəraət qazandırmaq üçün müəllimlərin buraxdığı müxtəlif orfaqrafik səhvləri davamlı olaraq hallandırırlar. Amma nazirin ictimai dinləmədəki çıxışı zamanı və digər müsahibələrində etdiyi səhvlər də diqqətdən kənarda qalmayacaq. Səhv fikir, səhv kursa yönləndirir, nazir özü də daima təklif və tənqidin əhəmiyyətini düz qiymətləndirir (amma nəzərə almır), onların olmasını dəstəkləyir.
"Təhsilin keyfiyyəti sinifdəki uşaqların sayından asılı deyil" fikri tamamən səhvdir və "bu haqda faktlar var, Sinqapurda və Koreyada sinflərdə 40 şagird var" kimi müqayisəsi uğurlu və əsaslı deyil. Çünki, o ölkələrdə təhsil sisteminin bütün digər elementləri tam yerindədir, sistem mükəmməl mexanizm kimi işləyir və bütün parametrlər üzrə bizimlə heç bir müqayisəyə gələ bilməz. Məsələn, Koreya təhsilin rəqəmsallaşdırılması sahəsində dünyada lider ölkələrdən biridir. Təkcə bu fakt imkan verir ki, sinifdəki uşaqların sayından asılı olmayaraq təlimdə yüksək keyfiyyət əldə edilsin.
ETN-nin ictimaiyyətə vermək istədiyi mesajı budur ki, biz çox yaxşı, peşəkar komandayıq, bütün lazımi işləri vaxtında və yüksək səviyyədə icra edirik, amma, savadsız, saxta diplomlu minlərlə müəllimlər var ölkədə, onlar islahatın gedişinə maneçilik yaradırlar. Yəni, belə müəllimlərlə keyfiyyətli təhsil sistemi qurmaq mümkün deyil, mən nə edə bilərəm ki? Fikrini də belə ifadə edir: "... Burda nazirin kim olmasının fərqi yoxdur".
Yəni, belə səriştəsiz müəllimlərdən xilas olmalıyıq, təhsilin xilası bundadır. Yeni nəsl müəllim yetişdirməyə isə bizə 6-7 il vaxt lazım olacaq. Ondan sonra islahatın nəticələri işartı verəcəkdir. O vaxta qədər isə çox sular axar.
Belə yanaşma səhvdir. ETN müəllimlərin peşəkarlığının artırılması üçün lazım olan hər şeyi etdimi ki, indi belə qətiyyətlə qərar verir? Müəllim peşəsi, müəllimlər ordusu son 30 ildə heç vaxt bu son 30 ayda olduğu qədər təzyiq, stress və aşağılamaya məruz qalmamışdı. Əsl bullinq elə müəllimlərə qarşı edildi son 30 ayda.
Bəs nazirliyin komanda olaraq bu 30 ayda hazırladığı hansısa islahat konsepsiyası, strategiyası, icra proqramı varmı? Varsa qoysunlar ortalığa, görək nə etmək istəyirlər? Təhsildəki real vəziyyət adekvat olaraq düzgün qiymətləndirilibmi ?
Islahat proqramı və islahat prosesi kompleks olmalıdır, bu proses sistemin bir elementi ilə heç cür kifayətlənə bilməz. Hətta Sinqapurun bütün müəllimlərini yığıb bura gətirsələr, amma eyni vaxtda təhsilimizin bütün digər elementlərini dəyişməz saxlasalar, nazirlikdəki təhsildən uzaq komandanı yerində qalsa, heç Sinqapur müəllimləri də burda bir şey edə bilməz. Bunu nazir də yaxşı bilir.
Düşünürəm ki, ETN islahat proqramı adlı heç bir sənəd təqdim edə bilməyəcək ictimaiyyətə. İslahatlar düz layihələnsəydi və keyfiyyətli icra edilsəydi, bu prosesdə müəllimlər də sinxron olaraq inkişaf edəcəkdi, təklmilləşəcəkdi. Heç kəsi də işdən kənarlaşdırmağa ehtiyac olmayacaqdı. Müəllim inkişafından kənarda islahat aparmaq mümkün deyil.
Ortalıqda sistemin kompleks islahatına dair konkret sənəd olmadığı halda, islahat əsasən müəllimləri hallandırmaqla, sertifikasiya prosesini domokl qılıncı kimi müəllimlərin başı üstündən asmaqla, onlarda özlərinə qarşı, cəmiyyətdə isə müəllimə qarşı inamsızlıq yaratmaqla islahat ola bilməz. Bu yolla təhsili qaldırmaq mümkün deyil.
Tez-tez 8 il əvvəl təsdiq edilən təhsil strategiyasından danışılır, sertifikasiyanın orada xüsusi bir bənd kimi qeyd edilməsi qabardılır. Bu strategiyada bəlkə də 100 bənd var, oradakı başqa bütün bəndlər tam icra edildimi? 30 aydır ancaq sertifikasiya bəndi barədə danışılır. Ümumiyyətlə strategiyanın icrasının rəsmi və ictimai monitorinqi bu günə qədər aparılıbmi? Nəticələr harada dərc edilib, "nə vaxt, harada, kimlər" bunu müzakirə edib, hansı korreksiyalar edilib? Şəxsən məndə belə təəssürat yaranır ki, o strategiyanın yaradılmasında əsas məqsəd müəllimlərin sertifikasiyasına yaşıl işıq yandırmaq olub.
Əgər müəllimlərin hazırlıq səviyyəsi aşağıdırsa, buyurun müəllimlərin təkmilləşdirmə sistemini bərpa edin. Ölkədə olan bir neçə Müəllimlərin Təkmilləşdirmə İnstitutlarını bağlamaqla, onların fasiləsiz təkmilləşdirmə mexanizmini dağıtmaqla nəyə nail olduq? Bu islahat prosesinin ən böyük və bağılşlanmaz səhvi idi. Mən 10 ildir bu təklifi verirəm, əgər belə mühüm təklif də düzgün qiymətləndirilməyibsə, reallaşmayıbsa, onda nazirin "təkliflər verin" təklifi nə demək? Deməli bunu sertifikasiyalaşmanı şouya döndərmək üçün bərpa etməyiblər. Sertifikasiyadan xeyli əvvəl müəllimlərin təkmilləşdirmə sistemini tam işlək hala gətirmək lazım idi. Hansısa özəl şirkətlərlə, səriştəsiz kadrlarla bu işi yarı-yarımçıq aparmağın heç bir səmərəsi ola bilməzdi, olsa- olsa kimlərinsə cibi dolacaqdı.
Paralel olaraq təhsil standartlarını, dərslikləri, tədris metodik bazanı da gücləndirmək zəruri idi. Təhsilin idaəedilməsi sistemində aparılan islahatlar da uğurlu olmadı, çünki, bu işi pedaqoji sahədən uzaq, bu işi bilməyən menecerlər özlərinə rahat olan, lakin təhsilə yad bir formada layihələndirdilər. Bundan təhsil uddumu? Yox.
Təhsilin rəqəmsallaşması nə səviyyədədir? “Alqoritmika” şirkətinin hazırladığı "Rəqəmsal bacarıqlar" kursunu kopiyalamaq, məktəb informatika kursuna alternativ yaratmaq, hələ təhsilin rəqəmsallaşması deyil. Baxın, öyrənin bəyəndiyiniz Koreyanın təcrübəsinə.
Bütün bu mühüm məsələləri bir kənara qoyub, ancaq sertifikasiya ilə məşğul olmaq heç nə verə bilməz, olsa-olsa minlərlə yeni vakansiya yarada bilər. İslahatın məqsədi bu idimi ?
Ola bilsin 1990-2000-ci illərdə müəyyən sayda saxta diplomlu müəllimlər olub, amma nazirlik sonrakı 15 ildə bu məsələ ilə ciddi məşğul oldu, xeyli saxta diplom ifşa və ləğv edildi, sahibləri məktəbdən uzaqlaşdırıldı. Həm də saxta diplomları müəyyən etmək üçün DİM-nin elektron qeydiyyat sistemindən, müvafiq məlumat bazasından istifadə etmək mümkün idi. Bu sadə bir işdir.
Saxta diplom verilməsi prosesi konveyer deyil ki, fasiləsiz işləsin. Bu qanunsuzluğa artıq çoxdan son qoyulub. İndi heç bir ağlı başında olan adam saxta diploma pul verməz. Əgər müəllim hazırlığında olan keyfiyyət sizdə narahatlıq doğurursa, onda pedaqoji təhsildə islahatlar aparın. 30 ildə ölkə səviyyəsində bu sahədə heç bir ciddi islahatlar aparılmayıb.
Qarşıda TN-nin ETN-nə transformasiyası kimi mürəkkəb məsələlər durur. Yeni agentliklər yaradılmalıdır. 3 Tədqiqat universiteti yaradılmalıdır. Bunlar sadə məsələlər deyil. ETN-nin potensialını nəzərə alsaq, bu onlar üçün çox mürəkkəb məsələdir. Bu istiqamətdə hansı hazırlıq işləri gedir? Yəqin ki, bu dövlət sirri deyil. ETN-nin yaradılması haqqında verilən fərmanından 3 aydan çox vaxt keçib. Amma hələ də mətbuatda heç bir məlumat verilməyib planlaşdırılan məsələlər haqqında.
ETN-nin tərkibinə verilən institutlar hələ də AMEA-nin tərkibində fəaliyyət göstərir, nəzarət edilir, əgər nazirin oradakı institutlara bir neçə saatlıq ekskursiyası nəzərə alınmasa.
Nəhayət. Axı niyə saxta diplom ovu yalnız müəllimlər arasında aparılır? Başqa peşə sahələrində saxta diplomlar yoxdur? Müəllimlik o qədər də gəlirli peşə deyil. Bu ixtisas üzrə universitetə qəbul olunmaq da çətin deyil, uzun illər bu ixtisasa qəbul olunmaq üçün yüksək ball tələb edilmirdi. Daha gəlirli və universitetə qəbulu daha çətin olan ixtisaslar var, orda saxta diplom ehtimalı daha çoxdur. Nə əcəb o diplomların saxtalığı yoxlanılmır.
Təhsil sistemindəki durumun hətta belə qısa təhlili göstərir ki, ETN təhsildəki ciddi problemlərin həllindən yayınır, onların həlli istiqamətində hazır reseptlərə malik deyil, gündəmdə az əhəmiyyətli məsələlərlə fokuslanmağa çalışır.
Son 30 ayda təhsil büdcəsi son 30 ildə heç vaxt olmadığı qədər yüksək olmuşdur. 4,4 milyard manat büdcə ilə təhsilin illər ərzində yığılan problemləri mərhələlərlə həll etmək olardı. Amma bu büdcəni təhsilin real inkişafı üçün, əhəmiyyətli layihələrə yönləndirmək və reallaşdırmaq əvəzinə mənasız tədbirlərə sərf edilməsi təəccüblüdür. Təhsildə illərlə yığılan problemlərin həllinə pul tapılmadığı halda “SAF 2022” kimi şou festivalların təşkilinə milyonlar xərclənməsi büdcə xərclənməsində SAF olmayan niyyətlərdən xəbər verir. ETN-nin şagirdlərin ictimai fəllığının yüksəldilməsi kimi təhsilə və elmə heç bir aidiyyatı olmayan, primitiv layihələrə qrant verməsi, heç bir elmi potensialı olmayan 2 QHT-yə qrant kimi 400 min manat bəxşiş etməsi nazirliyin inkişaf yönlü niyyətindən xəbər vermir.
Son 30 ildə heç bir universitetə nazirlik bu məbləğdə qrant verməyib.
Bu 30 ay da belə getdi. Bəs təhsili "kim, necə, nə vaxt" xilas edəcək?