Gimnaziyada biabırçılıq: Uşaq tualetdə su içir, cırıq corab geyinir... - Nazirlik işə qarışdı + FOTO/VİDEO
Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada acınacaqlı vəziyyət hökm sürür.
Bu barədə “Qaynarinfo”ya valideynlər bildiriblər.
“Şərait acınacaqlıdır. Uşaqlar vaxtlı-vaxtında qida ilə təmin olunmurlar. Eyni zamanda, uşaqlara münasibət də yaxşı deyil. Üstü bəzək olan gimnaziya, əslində, antisanitariya mənbəyidir”, - deyə valideynlər qeyd ediblər.
Koronavirus pandemiyası səngisə də, ölkədə xüsusi karantin rejimi hələ davam edir, risklər hələ də mövcuddur. Bu halda Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada antisanitariyanın hökm sürməsi uşaqların həyatı üçün təhlükəlidir.
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalı, sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır. Gimnaziyadakı vəziyyət isə bunun əksini göstərir.
Bununla bağlı redaksiyaya daxil olan videodan görünür ki, gimnaziyada təhsil alan uşaqlar tualetdə çirkli vedrədən su içmək məcburiyyətindədirlər. Görünən odur ki, Nazirlər Kabinetinin tələblərinin sözügedən gimnaziyaya heç bir aidiyyəti yoxdur.
Dövlət tərəfindən ümumtəhsil internat məktəbinin şagirdləri müəyyən edilmiş normativlər və qaydalar üzrə paltar, ayaqqabı, şəxsi gigiyena vasitələri, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar. Bu xidmətlər Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya aid edilsə də, nədənsə burada uşaqların əksəriyyəti cırıq paltarda gəzir.
Nazirlik araşdırmalara başladı
Elm və Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, gimnaziyada baş verənlərlə əlaqədar araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Direktor əvəzi: “Corabları öz cibimin pulu ilə alıram...”
Məktəbin direktor əvəzi Taliyə adlı xanım da “Qaynarinfo”ya açıqlamasında gimnaziyadan çəkilən görüntülərə münasibət bildirib. Direktor əvəzi videoda əks olunan hadisənin onun rəhbər əvəzi olduğu dövrdə baş verdiyini təsdiqləyib:
“Əvvəlcə sanitar qovşaqda su içən uşaq haqında məlumat verim. Sözügedən sanitar qovşağı mən internat məktəbinə direktor əvəzi təyin olunandan bağlıdır. Uşaqlar üçün digər sanitar qovşağı açmışıq. Direktor vəzifəsinə təsdiqlənməməyim üçün məktəbdə bu təxribatı törədiblər. Uşağı sözügedən yerə aparıb, videosunu çəkiblər. İndi videonu uşağın valideyni görsə, nə cavab verəcəyik? İnanın, müsibət olar. Mən bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm. Gəlib araşdırsınlar. Əgər günahkaramsa, cəzamı çəkməyə hazıram”.
Direktor əvəzi həmçinin əlavə edib ki, gimnaziyada təhsil alan bütün uşaqlar geyimlə təmin olunurlar:
“Mən gələnə qədər uşaqlar corabla təmin edilməyiblər. Amma mən corabı cibimdən almışam. Bizim heç bir uşağımız cırıq corab geyinmir. Bizdə həm fiziki məhdudiyyətli, həm də sağlam uşaqlar təhsil alırlar. Cırıq corabları olanlar xüsusi təhsil sinfinin uşaqlarıdır. Niyə belə olub? Bu da araşdırılacaq”.
Onun sözlərinə görə, bu yaxınlarda Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev xəbər vermədən gimnaziyada yoxlama aparıb:
“Nazirlik rəsmisi uşaqların əyin-başından tutmuş yemək-içməklərinə qədər baxdı. Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyindən də yoxlama apardılar və hər şey normal olduğuna görə protokol yazmadılar. Hər şey yerindədir. Amma bu görüntüləri kim çəkib, niyə çəkib - bunu dəqiq bilmirəm. Belə başa düşürəm ki, bu təxribat mənə qarşıdır. Fikrimcə, bunu etməkdə məqsəd direktor vəzifəsinə təsdiqlənməyimə maneə törətməkdir”.
https://baku.tv/az/dunyaa/66057/